Pasiyentlər yenidən Narkoloji Mərkəzə qaytarılıb

Pasiyentlər yenidən Narkoloji Mərkəzə qaytarılıb
12 Mart 2018
Mətni dəyiş

Respublika Narkoloji Mərkəzində baş verən yanğın zamanı 25 saylı Birləşmiş Şəhər Xəstəxanasına köçürülən şəxslər yenidən Narkoloji Mərkəzə qaytarılıb.

Bunu Meydan TV-yə mərkəzdə müalicə alan şəxslərdən birinin anası deyib:

“Oğlumu qaytarıblar mərkəzə. Deyirlər, korpusun biri yanıb, digər şöbələrdə iş gedə bilər. Oğlum da qorxur. Zəng edib ağlayır ki, çıxar məni burdan, qorxuram, elə bilirəm indi yenə yanğın olacaq. Həyətdə gəzməyə şərait yoxdur, üstəlik ətraf da təmizlənməyib”.

Ana deyir ki, mərkəzdə iş hələ tam bərpa olunmayıb, o səbəbdən də oğluna yeməyi özü aparır:

“Hər gün xörək aparıram. Məni içəri buraxmırlar, yeməyi alırlar. Nə vaxta qədər belə olacaq, bilmirəm”.

Səhiyyə Nazirliyindən faktı təsdiqləyiblər. Bildiriblər ki, pasiyentlər artıq Respublika Narkoloji Mərkəzə qaytarılıb.

“Yaxın müddətdə yeni mərkəz istifadəyə veriləcək. O vaxta qədər hazırkı mərkəzin şöbələri fəaliyyət göstərəcək”.

Martın 2-də Respublika Narkoloji Mərkəzində yanğın baş verib.  Yanğın nəticəsində 25 nəfər həyatını itirib.

Hadisə ilə bağlı cinayət işi başlayıb. Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin birgə məlumatına görə, şübhəli şəxs qismində Məhəmməd Məmmədov adlı şəxs həbs edilib.

O, Cinayət Məcəlləsinin 120.2.4-cü (ümümi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla özgə əmlakını qəsdən məhv etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, eləcə də kompleks məhkəmə psixiatrik, psixiloji və narkoloji ekspertizalar təyin olunub.

Cinayət Məcəlləsinə əsasən, qeyd olunan maddələrin hər biri üzrə 14 ildən 20 ilədək azadlıqdan məhrum edilmə cəzası nəzərdə tutulur.

Səhiyyə Nazirliyinin balansında olan narkoloji dispanser 1986-cı ildə yaradılıb. Yanan bina Sovet vaxtı tikilib və istismar müddətini başa vurub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun