Mingəçevirdə yaşayış binasında yanğın: 6 nəfər xəsarət alıb

Mingəçevir şəhərində beşmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı 6 nəfər xəsarət alıb.

Yanğın beşmərtəbəli binanın üçüncü mərtəbəsindən başlayıb. Yanğın zamanı binanın sakinləri təxliyə ediliblər. Sakinlərdən 6 nəfər xəsarət alıb. Onlardan 3 nəfərinin vəziyyəti ağır olduğu üçün Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Digər 3 yaralıya isə hadisə yerində həkimlər tərəfindən ilkin tibbi yardım göstərilib.

Xəstəxanaya yerləşdirilənlərin tüstüdən zəhərləndiyi bildirilir.

Yanğının genişlənməsinin qarşısı alınıb və söndürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

Mingəçevir şəhərində fəhlə yataqxanasının binasında yanğın başlayıb.

Hadisə şəhərin Ü.Hacıbəyli küçəsində yerləşən Texniki Rezin ASC-nin fəhlələr üçün nəzərdə tutulan yataqxanasının binasında baş verib.

Yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən maşınları və canlı qüvvəsi səfərbər edilib. Yanğın zamanı xəsarət alanların olduğu bildirilir. Yaralılara ilkin tibbi yardım göstərilməsi üçün Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb edilib.

Faktla bağlı araşdırmalara başlanılıb.