Məhkəmə bloklanmış saytın şikayətini rədd edib

Məhkəmə bloklanmış saytın şikayətini rədd edib
17 Mart 2018
Mətni dəyiş

Bakı Apellyasiya Məhkəməsi də infoaz.org saytının Azərbycan daxilində blok edilməsinə haqq qazandırıb.

Bu haqda Azadlıq Radiosuna saytın vəkili Zibeydə Sadıqova məlumat verib.

Onun bildirdiyinə görə, infoaz.org xəbər saytının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə qarşı iddiası üzrə 1 saylı İqtisadi-İnzibati Məhkəməsinin çıxardığı qərardan verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb.

Vəkil vurğulayıb ki,hakim Ülvü Mayılovun sədrlik etdiyi məhkəmə kollegiyası martın 16-da şikayəti təmin etməyib. Məhkəmənin saytın blok edilməsindən ötrü yetərli arqumentlərin olmasını əsas gətirərək şikayəti geri çevirdiyi bildirilir.

Vəkilin sözlərinə görə, iş üzrə ölkə daxilində müdafiə vasitələrini keçib, Avropa İnsan hüquqları Məhkəməsinə şikayət edəcəklər.

İnfoaz.org xəbər saytıdır. Ona ölkə ərazisindən girişin ötən il avqustun 19-dan blok qoyulduğu bildirilir. Saytın rəhbəri Namiq Cəfərli elə həmin gün Baş Prokurorluğa da dəvət edilmişdi.

«Baş Prokurorluğa dəvət olunmağım prezidentin köməkçisi, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər üzrə şöbəsinin müdiri Əli Həsənov barədə yazdığım müəllif yazısı ilə bağlı idi», - Baş Prokurorluqdan çıxdıqdan sonra N.Cəfərli belə demişdi.

«Əli Həsənov Prezident Administrasiyası uğrunda gedən savaşdan qalib çıxa biləcəkmi?» sərlövhəli yazıda iddia edilirdi ki, hakimiyyət daxilində bəzi qüvvələrin bir-biri ilə kəskin mübarizəsi gedir.

Ardınca N.Cəfərli avqustun 21-də Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) də çağırılmışdı. O, DTX-dən çıxdıqdan sonra demişdi ki, onu yazılarına görə, sorğu-sual ediblər.

Əlaqəli qurumlardan baş redaktorun dediklərinə münasibət almaq, mümkün olmayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun