İngiltərədə halı pisləşən rusiyalı casusun başına nə gəlib?

İngiltərədə halı pisləşən rusiyalı casusun başına nə gəlib?
6 Mart 2018
Mətni dəyiş

Polis Britaniyaya casusluqda ittiham edilən və burda mühacir kimi yaşayan rusiyalı casusun halının qəfil pisləşməsi və reanimasiyaya düşməsinin səbəblərini araşdırır.

2010-cu ildə Böyük Britaniyada sığınacaq alan 66 yaşlı Sergei Skripal və 33 yaşlı bir qadın ağır vəziyyətdə xəstəxanaya qaldırılıb.

Rusiya İngiltərə üçün casusluq keçmiş məhkum agentin halının pisləşməsinə nəyin səbəb ola biləcəyi haqqında "heç bir məlumatının" olmadığını bildirib.

Rəsmi Kreml polis istintaqı ilə əməkdaşlıq etməyə hazır olduğunu söyləyib.

Bazar günü onlar Maltings ticarət mərkəzindəki skamyada huşsuz vəziyyətdə tapılıblar.

Onların bədənlərində xarici baxışdan hər hansı zədə və ya xəsarət yoxdur.

Polis onların başına nə gəldiyini, bunun sui-qəsd olub-olmadığını aydınlaşdırmağa çalışır.

Polis İngiltərənin cənub qərbində yerləşən Wiltshire vilayətinin Salisbury şəhərində Zizzy restoranını "ehtiyat tədbiri" olaraq bağlayıb.

Rusiya hərbi kəşfiyyat orqanlarında çalışmış Sergei Skripal 2006-cı ildə 13 il müddətinə azadlıqdan məhrum edilmişdi.

O, Rusiyanın gizli agnetlərinin kimliyi barədə məlumatları Britaniyanın Gizli Kəşfiyyat Xidmətinə (Mİ6) ötürməkdə ittiham olunub.

Sergei Skripal 10 ABŞ casusu ilə dəyişdirilmə prosesində azadlığa buraxılan 4 məhbusdan biri olub.

Bundan sonra Sergei Skripal Britaniyaya gətirilmişdi.

Hazırda həkimlər onun və onunla birgə olan qadının həyatı uğrunda mübarizə aparırlar.

Şəhərin bəzi yerləri polis mühasirəsinə alınıb, şübhəli yerlərdə dekontaminasiyası (zərərsizləşdirilmə) işləri aparılıb.

Polis tövsiyyə edib ki, özlərini halsız hiss edən şəhər sakinləri dərhal təcili yardıma zəng eləsinlər.

Şahidlər nə görüb?

Hadisənin şahidləri BBC-yə bildiriblər ki, onlar skamyada özlərini pis hiss edən yaşlı kişi və qadını müşahidə ediblər: "Onlar özlərində deyildilər".

Freya Church adlı qadın deyib ki, "onlar qəribə hərəkət edirdilər, sanki göydə idilər".

Şahidin sözlərinə görə, onlar sanki ya "sərxoş idilər, ya da narkotika qəbul etmişdilər".

Bundan bir neçə il əvvəl Britaniyaya sığınmış və Rusiyanın casusluqda ittiham etdiyi Alexsander Litvinenko naməlum maddədən zəhərlənmişdi.

Rusiyalı dissident və keçmiş kəşfiyyatçı radioaktiv maddə tökülmüş çaydan içdikdən sonra halı kəskin pisləşmiş və sonra xəstəxanada vəfat etmişdi.

Ona qarşı sui-qəsdə tənqidçilər Rusiya prezidenti Vladimir Putini ittiham edirlər.

Sergei Skripal ilə bağlı yaşananlara münasibət bildirən Rusiyanın Britaniyadakı səfirliyinin sözçüsü deyib ki, Sergei Skripal-ın yaxınları, ya da Britaniya hökümətindən bu hadisə ilə bağlı heç kim səfirliyə müraciət etməyib.

Mərhum Alexsander Litvinenko-nun xanımı Marina Litvinenko BBC Radio 4-ə deyib ki, hadisə Britaniyada sığınacaq tapmış şəxslərin təhlükəsizliyinin qorunmasına ciddi ehtyacın olduğunu göstərir.

Təhlil

BBC-nin təhlükəsizlik üzrə müxbiri Gordon Corera

2006-cı ildə Litvinenko hadisəsi ilə paralellik diqqəti çəkir. O da keçmiş Rusiya kəşfiyyatçısı idi və Britaniyaya gəlmişdi. O da naməlum səbəblərlə xəstəxanaya düşmüşdü.

O hadisədə olayın zəhərlənmədən qaynaqlandığını ortaya çıxarmaq həftələr aldı və ictimaiyyətin burda Rusiya dövlətinin barmağı olduğuna diqqət yetirməsi on il çəkdi.

Rəsmilər nə və niyə baş veridiyini söyləmək üçün erkən olduğunu deyirlər.

Hətta polis də deyə bilmir ki, bu, cinayət hadisəsidirmi?

Amma bənzərliklər möhkəmlənərsə və Moskva yenə də bu işdə ortaya çıxarsa, onda ki, hansı tədblərin görülməsi və keçmişdə baş verənlərin təkrarlanmaması üçün kifayət qədər addımların atılıb-atılmaması barədə suallar çıxacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun