İlham Əliyev İranla ticarətdəki 77 faizlik geriləməni inkişaf kimi təqdim etdi - Nemət Əliyev

İlham Əliyev İranla ticarətdəki 77 faizlik geriləməni inkişaf kimi təqdim etdi - Nemət Əliyev
29 Mart 2018
Mətni dəyiş

Nemət Əliyev

Azərbaycan-İran prezidentlərinin Bakı görüşündə İlham Əliyev elan etdi ki, son 4 ildə Həsən Ruhani ilə aralarında keçirilən görüşlər zamanı bir çox önəmli sənədlər imzalanıb və həmin sənədlər hər iki ölkə arasında əlaqələrin inkişafına böyük təkan verib...

Doğrudan da, Azərbaycan-İran əlaqələrinə son 4 ildə böyük təkan olub, amma bu təkan ölkəmizi iqtisadi cəhətdən çox geri atıb. Belə ki, Azərbaycandan İrana mal ixrac dövriyyəsi son 4 ildə 77 faiz azalıb. Əgər 4 il əvvəl qonşu ölkəyə il ərzində 73 milyon dollarlıq mal sata bilmişdiksə, 2017-ci ildə satış həcmi 16,8 milyon dollara düşüb. İran isə Azərbaycana mal satışını bu dövrdə 15,7 faiz artıra bilib. Buna baxmayaraq hər iki ölkə arasında ümumi ticarət dövriyyəsi qeyd edilən dövrdə 8,5 faiz düşüb.

Bu iki qonşu ölkə arasında son 4 ildə hər il orta hesabla 194 milyon dollardan çox ticarət əməliyyatları həyata keçirilib. Lakin bu ticarətdən ölkəmiz bircə sent də valyuta qazancı əldə edə bilməyib. Nəinki qazanc əldə edə bilməyib, hətta İranla həyata keçirilən ticarət əməliyyatlarından ölkəmizin valyuta itkiləri son 4 ildə 66 faizdən çox artıb.

Müalicə məqsədi ilə son illərdə İrana axın edən vətəndaşlarımızın oradakı səhiyyə, mehmanxana, nəqliyyat, yemək-içmək və s. xərcləmələrini də nəzərə almaq lazımdır. Xatırlayırsınızsa, yaxın keçmişdə İranın Azərbaycandakı səfiri mətbuata verdiyi açıqlamaların birində bildirirdi ki, hər il bir milyona yaxın Azərbaycan vətəndaşı İrana səfər edir və bu zaman hər müsafir 700-dən 1000 dollara qədər pul xərcləyir. Əgər bu və bu kimi digər xərcləmələri də nəzərə alsaq, o zaman Azərbaycan-İran arasındakı iqtisadi əlaqələrdən itkilərimizin daha böyük olması anlaşılır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun