"Exit-poll" keçirmək istəyən 4 təşkilat MSK-ya müraciət edib

"Exit-poll" keçirmək istəyən 4 təşkilat MSK-ya müraciət edib
24 Mart 2018
Mətni dəyiş

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar “exit-poll” keçirmək məqsədi ilə 4 təşkilat Mərkəzi seçki Komissiyasına (MSK) sənədlərini təqdim edib.

Bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.

“Azərbaycan Respublikasında seçkilərdə “exit-poll” keçirən təşkilatların akkreditasiyası Qaydaları”na əsasən "exit-poll” keçirmək niyyətində olan təşkilatlar səsvermə gününə ən azı 20 gün qalanadək sənədlərini Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etməlidir. Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar bu müddət martın 22-ə qədər olan dövrü əhatə edib.

MSK səsvermə gününə ən azı 10 gün qalanadək, yəni aprelin 1-dək "Exit-poll” keçirməkdən ötrü müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərar qəbul etməlidir.

“Els" Müstəqil Araşdırmalar Mərkəzi, “RƏY” Monitorinq Mərkəzi, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın “Artur Finkelşteyn və Assosiasiya” şirkəti ilə birlikdə exit-poll keçirmək məqsədi ilə MSK-ya müraciət edib.

Habelə, Vətəndaş Cəmiyyəti uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzinin də Fransanın “Opinion Way” təşkilatı ilə birlikdə exit-poll keçirmək istədiyi bildirilir.

İlk dəfə Azərbaycanda exit-poll 2005-ci il parlament seçkilərində keçirilib. Ondan sonra bütün parlament və prezident seçkilərində exit-polların keçirildiyi açıqlanıb. Ancaq müstəqil ekspertlərin bildirməsinə görə, exit-poll keçirən təşkilatların bir qayda olaraq maliyyə mənbələrini şəffaf şəkildə açıqlamamaları tənqidlə qarşılanıb. Müxalifət partiyaları rəsmi nəticələr kimi exit-pollarda da açıqlanan rəqəmlərə etimad göstərməyiblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun