Erməni əsilli Estoniya vətəndaşı Bakıdan deportasiya edilib

Erməni əsilli Estoniya vətəndaşı Bakıdan deportasiya edilib
29 Mart 2018
Mətni dəyiş

Estoniya vətəndaşı, erməni əsilli Karina Ohanesyan martın 23-də Bakı aeroportunda saxlanılıb və geriyə deportasiya edilib.

Bu barədə martın 28-də Ermənistan KİV K.Ohanesyanın Instagram səhifəsinə istinadən məlumat yayıb.

K.Ohanesyanın sözlərinə görə, aeroportda onu 12 saat saxlayıblar, bundan sonra geri göndəriblər.

K.Ohanesyan Tallin Şəhər Şurası sədrinin müşaviri və Estoniya Mərkəzçi Partiyasının gənclər qanadının sədridir. O, pedaqoqların beynəlxalq elmi-praktiki konfransında iştirak etmək üçün Estoniya nümayəndə heyətinin tərkibində Bakıya gəlib.

Onun sözlərinə görə, öncədən elektron viza alıb və Estoniyadan tədbir iştirakçısı kimi qeydiyyatdan keçib.

K.Ohanesyanın yazdığı statusa görə, nə Estoniyanın Bakıdakı səfirliyinin nümayəndələri, nə də Estoniyadakı Azərbaycan diasporunun təmsilçisi problemi həll edə bilməyiblər.

Azərbaycan XİN mətbuat xidmətindən Turan-ın sorğusuna cavab olaraq bildiriblər ki, Estoniya vətəndaşının saxlanması və ölkədən çıxarılması ilə bağlı onlarda məlumat yoxdur.

Xatırladaq ki, artıq bir neçə ildir ki, Azərbaycan hakimiyyəti erməni əsilli şəxslərin ölkəyə səfərini ciddi şəkildə məhdudlaşdırır. Hakimiyyətin razılığı olmadan bunu etmək mümkün deyil.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun