Boykot qərarını oxuyan fəal saxlanılıb

Boykot qərarını oxuyan fəal saxlanılıb
28 Mart 2018
Mətni dəyiş

"Müsəlman Birliyi" Hərəkatının daha bir üzvü Xalid Siyabovun saxlandığı bildirilir.

Bu barədə AzadlıqRadiosu-na onun yaxınları məlumat verib.

Yaxınlarının bildirdiyinə görə, Siyabov martın 27-də günorta saat 12 radələrində evdən çıxıb. O, hərəkatın başqa bir üzvü ilə görüşə gedib: "Görüşə az qalmış həmin adama zəng edib deyib ki, onu tutdular. Amma onu hansı orqanın əməkdaşlarının saxladığı, hara aparılması haqda heç bir söz deməyib", yaxınları vurğulayıblar.

Yaxınları hesab edir ki, Xalid Siyabovun saxlanması martın 26-da siyasi məhbus sayılan şəxslərin müdafiəsinə həsr olunmuş tədbirdəki çıxışı ilə bağlıdır. Orada Xalid Siyabov "Müsəlman Birliyi" Hərəkatının aprelin 11-nə təyin edilən prezident seçkilərini boykot etməsi haqda bəyanatı səsləndirmişdi. Bəyanatı hərəkatın İdarə Heyətinin həbsdə olan üzvləri yayıb.

Xalid Siyabovun saxlanması haqda yaxınlarının söylədiklərinə Daxili İşlər Nazirliyindən (DİN) münasibət öyrənmək mümkün olmayıb.

Onu bir neçə ay öncə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının saxladığı da bildirilmişdi. Onda ona xəbərdarlıq edildiyi deyilirdi. Həmin vaxt da məsələyə rəsmi qurumlardan münasibət almaq mümkün olmamışdı.

“Müsəlman Birliyi” Hərəkatının sədri, onun müavinləri və bir çox fəalı hazırda həbsdədir. Onlar 2015-ci il noyabrın 26-da baş verən Nardaran hadisələrinə görə, qətl və bir sıra ağır cinayətlərdə ittiham ediliblər. Nardaran hadisələri zamanı 6 nəfər qətlə yetirilib. Ancaq “Müsəlman Birliyi” Hərəkatının təmsilçiləri qətl və başqa cinayətlərdə ittihamları qəbul etmirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun