Bakıda türkiyəli deputatın halı pisləşdi

Bakıda türkiyəli deputatın halı pisləşdi
16 Mart 2018
Mətni dəyiş

Bu gün, martın 16-da VI Qlobal Bakı Forumunun «Regional təhlükəsizlik, regional sülh: Orta Şərq» adlı panelində vəziyyəti pisləşən türkiyəli deputat Ekmeleddin İhsanoğlu Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.

Bu deputat İslam Əməkdaşlıq Təşkilatının keçmiş baş katibidir

Mərkəzi Klinikanın kardioloqu, dosent Firdovsi İbrahimov deyib ki, E.İhsanoğlu bu gün, martın 16-da infarkt keçirib:

«İhsanoğlu şəkər xəstəsidir. Əvvəl də ürəyində xırda problemləri olub, ancaq ciddiyə almayıb. Bu gün isə infarkt keçirib. Anında müdaxilə etdik, damar 100 faiz tıxanmışdı. Damarı açdıq, stent qoyduq. İndi qaydaya uyğun olaraq reanimasiyadadır, durumu isə stabildir. Müalicəsi davam etdirilir».

E.İhsanoğlu bu gün, martın 16-da paneldə çıxış zamanı özünü pis hiss etdiyini deyib, çıxışını yarımçıq dayandırmalı olub.

Martın 15-də «İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması» mövzusunda VI Qlobal Bakı Forumu başlayıb. Üç gün davam edəcək bu tədbirə 50-dən çox ölkədən 500-dək nümayəndənin qatıldığı bildirilir.

Qlobal Bakı Forumu 2013-cü ildən fəaliyyətə başlayıb. Forumun təşkilatçısı Nizami Gəncəvi Beynəlxalq Mərkəzidir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun