Avropa Ukrayna və Rusiya arasındakı qaz mübahisəsində vasitəçiliyə hazırdır

Avropa Ukrayna və Rusiya arasındakı qaz mübahisəsində vasitəçiliyə hazırdır
3 Mart 2018
Mətni dəyiş

Avropa İttifaqı bildirib ki, təbii qaza görə Ukrayna və Rusiya arasında yaranmış mübahisədə vasitəçilik etməyə hazırdır.

Avropa Komissiyasının vise-prezidenti Maros Sefcovic bu barədə hər iki ölkənin enerji nazirləri ilə danışmalı idi.

Martın 2-də Brüsseldə keçirilən brifinqdə vise-prezidentin sözçüsü Anna-Kaisa Itkonen deyib Ukraynanın xarici işlər naziri vise-prezidentdən mübahisənin çözülməsi üçün üçtərəfli məsələhətləşmələrin təşkilində kömək istəyib.

Sözçü bildirib ki, komissiya hər iki tərəfin ricası olarkən belə görüşlərin təşkilinə həmişə hazırdır.

Kiyev və Moskva arasında yeni qaz mübahisəsi martın 1-də, Rusiyanın dövlət Gazprom şirkəti Ukraynaya qaz verilməsinin dayandırılmasına dair gözlənilməz qərar qəbul etdikdən sonra başlanıb. Havaların şaxtalı olduğu bir şəraitdə Kiyev qaz istehlakını ixtisar etməyə məcbur olub.

Bundan başqa Gazprom Ukrayna ilə qaz kontraktlarını tamamilə dayandıracağını bildirib.

Gazprom bu addımı Stokholm arbitraj məhkəməsi şirkətin Ukraynanın dövlət Naftogaz şirkətinə 2, 56 milyard dollar ödəməli olduğu barədə qərar çıxardıqdan sonra atıb. Məhkəmə Gazprom və Naftoqaz arasında təchizat və tranzitə dair çəkişməyə baxırdı.

Gazprom şirkətinin baş icraçı direktoru Aleksey Miller deyib ki, məhkəmənin hökmü Ukraynaya qaz verilməsini kommersiya baxımından sərfəsiz edir və buna görə də Gazprom kontraktları dayandırmaq qərarına gəlib.

İki ölkə arasında Krımın Rusiya tərəfindən ilhaqı ilə bağlı davam edən daha geniş siyasi qarşıdurmanın bir hissəsi olan bu qaz mübahisəsi Avropa İttifaqının qazla təchizatı üçün də təhlükə yarada bilər.

Lakin xanım Itkonen deyib ki, bu mübahisə hələlik Avropa İttifaqına qazın verilməsini təsirləndirməyib.

O əlavə edib ki, hazırda Ukrayna terminallarındakı qazın həcmi 10 milyard kubmetrdən azacıq azdır və bu, ilin bu vaxtı üçün heç də pis deyil.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun