ATƏT müşahidəçiləri işə başlayır

ATƏT müşahidəçiləri işə başlayır
9 Mart 2018
Mətni dəyiş

«Bizim işimiz seçkilərin müşahidəsini aparmaq, onu qiymətləndirməkdən ibarətdir, seçki prosesinə müdaxilə etmirik. Seçkilərdə hər hansı nəticənin qeydə alınması marağımızda deyil».

Bu sözləri ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycanda prezident seçkilərini müşahidə missiyasının rəhbəri Koryen Yonker martın 9-da keçirdiyi mətbuat konfransında bildirib. Onun deməsinə görə, uzunmüddətli seçki müşahidə missiyası 30 müşahidəçidən, 10 ekspertdən ibarət əsas heyətdən və regionlarda fəaliyyət göstərəcək 20 müşahidəçidən ibarətdir. Həmin müşahidəçilər martın 15-dən etibarən regionlarda fəaliyyətə başlamalıdırlar.

Bundan başqa, prezident seçkilərini 280 qısamüddətli müşahidəçi də izləməlidir. K.Yonker vurğulayıb ki, müşahidə missiyası bütövlükdə prosesə qiymət verəcək, seçki mühitini araşdıracaq, Azərbaycanın seçkilərin keçirilməsi ilə bağlı götürdüyü öhdəliklərə necə əməl olunmasını dəyərləndirəcək. ATƏT üzvü olan 19 ölkəni təmsil edən uzunmüddətli missiya üzvləri gələn həftə Azərbaycanda olmalıdır. Qısamüddətli missiya üzvləri isə seçki gününə az qalmış Azərbaycana səfər etməlidir. Missiyanın fəaliyyətinin aprelin sonunadək davam edəcəyi qeyd edilir.

K.Yonkerin bildirməsinə görə, müşahidə missiyası ölkənin bütün regionlarını əhatə edəcək. Missiya ilkin olaraq aralıq hesabatlar hazırlayıb yayacağıq. Seçki prosesi başa çatdıqdan səkkiz həftə sonra isə yekun hesabatın hazırlanıb yayılması nəzərdə tutulur.

Azərbaycanda keçirilmiş son seçkiləri (2015-ci ildə keçirilən parlament seçkilərini) DTİHB müşahidə etməmişdi. O vaxt buna səbəb kimi müşahidəçilərin sayı ilə bağlı razılıq əldə edilməməsi göstərilmişdi. Azərbaycan hökumətinin təmsilçiləri müşahidəçilərin sayının çox olduğunu deyərək, onların azaldılmasını istəyirdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun