Ərəblər türk teleseriallarını dayandırırlar

Ərəblər türk teleseriallarını dayandırırlar
6 Mart 2018
Mətni dəyiş

Reuters agentliyi xəbər verir ki, ərəb dünyasının ən böyük teleyayınçısı, Ankara və ərəb ölkələri arasında yüksəlməkdə olan gərginliyə görə Türkiyə televizya proqramlarının yayımını dayandırıb.

Türkiyənin teleserialları bütün Yaxın Şərq boyunca populyardır, amma Dubayda mənzillənmiş MBC Group və onun Səudiyyə Ərəbistanından olan sahibi Valid əl-İbrahim və başqa ərəb investorlar martın 2-də “türk dizilərini” dayandırmaq qərarına gəliblər.

MBC-nin sözçüsü Mazen Hayek deyib ki, Türkiyə seriallarının efirə verilməsi qərarına başqa ərəbdilli kanallar da şərik olacaqlar.

Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Türkiyənin hakim AK partiyasını və onun qurucusu, prezident Recep Tayyip Erdoğanı regiondakı islamçı ekstremistləri dəstəkləməkdə ittiham edirlər.

Bu münasibətlər Ankaranın Qətərə dəstəyinə görə daha da korlanıb. Səudiyyə, BƏƏ, Bəhreyn və Misir Doha ilə diplomatik münasibətləri ötən il kəsiblər. Onlar Qətəri də islamçılara dəstək verməkdə ittiham edirlər.

Türk təsirini dayandırmaq

Reuters xəbər verir ki, “Türkiyənin mədəni təsirinin” dayandırılmasını sosial mediada kampaniya aparan ərəb şərhçilər də tələb edirdilər.

Hayek deyib ki, bu qərar bütün türk proqramlarına aiddir və onlardan 6-sı artıq efirdən çıxarılıb.

Reuters yazır ki, bu qadağan Türkiyənin 10 ildən bəri qurduğu teleserial industriyasına və onun gəlirlərinə böyük zərbə olacaq.

Lakin Hayek deyib ki, “bu ziyanın içində bir xeyir də var” və yəqin ki, boşalmış efiri Qətər və Livanın teleserialları dolduracaq.

Adının çəkilməsini istəməyən Türkiyə rəsmilərindən biri AP agentliyinə bildirib ki, onun ölkəsi MBC-nin qərarından narahat deyil, beləki türk serialları bütün dünyada populyardır.

Rəsmi deyib ki, bu seriallara “aludə olanlar” onlara tamaşa etmək üçün başqa bir yol tapacaqlar.

AP agentliyi bildirir ki, Dubayda mənzillənmiş MBC Səudiyyə hökumətinin getdikcə daha çox təzyiqinə məruz qalır. Qrupun Əl-Ərəbiyyə telekanalı hazırda özünü Səudiyyənin dövlət mediası kimi aparır.

Erdoğanın "gizli silahı"

MBC bundan əvvəl də ziddiyyətlərlə üzləşib. Qrupun telekanallarından biri 1991-ci ildə Türkiyənin “Nur” serialının yayımına başlamış və bütün regionda fırtına yaratmışdı. Bu teleserialda qadın və kişilər bərabər davranır, öpüşür və spirtli içkilər içirdilər.

Səudiyyə şeyxlərindən biri, buna görə əl-İbrahimin “narkotik satanlardan heç də az təhlükəli olmadığını” demişdi.

Gulfnews saytı yazır ki, türk serialının bir seriyasının dublyajı 918 min dirhəmə (250 min dollar) başa gəlir. Ərəb serialları üçün bu rəqəm 100 min dolları aşmır.

MBC 2007-ci ildə Türkiyə seriallarını klassik və danışıq ərəb dilinə dublyajda verən ilk yayınçı olub.

Bu seriallar o qədər populyar idi ki, ərəb turistlərin Türkiyəyə axınınına səbəb olmuşdu.

Sözü gedən “Nur” serialına bütün ərəb dünyasında 92 milyon insan tamaşa etmişdi.

Time jurnalı bir vaxtlar türk seriallarını “Erdoğanın gizli silahı” adlandırmışdı.

İndi belə görünür ki, Erdoğan bu silahdan daha çox son zamanlar tez-tez səfərlər etdiyi Afrikada faydalana biləcək.

Ahval saytı yazır ki, hazırda türk serialları Somalidə böyük populyarlıq qazanıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun