Ziyalı tərəqqipərvər olmalıdır, irticaya yol açan yox - Altay Göyüşov

Ziyalı tərəqqipərvər olmalıdır, irticaya yol açan yox - Altay Göyüşov
23 Fevral 2018
Mətni dəyiş

Altay Göyüşov

Niyə Azərbaycanda məhz sekulyar, demokratik cümhuriyyət quruldu?

Çünki Azərbaycanın yeni yaranmış sekulyar, demokratik maarifçisi xalqın minillik elitası olan mollanı məğlubiyyətə uğradıb, özü elitaya çevrildi.

Niyə ziyalı mollanı məğlub edə bildi?

Çünki çarlara, Nikolaya, yəni hakimiyyətə dualar, xütbələr oxuyaraq, yaltaqlanaraq medal alan, bununla dolanışığını təmin edən mollanı merkantil, bisavad, xalqın mənafeyini şəxsi maraqlarına satan kütlə kimi, ölkənin əsarətə düşməsinin, geridəqalmışlığının səbəbkarı kimi camaata təqdim edə bildi.

Özü isə bütün çətinliklərə baxmayaraq tənqidi düşüncənin sərhədlərini və hədəflərini genişləndirdikcə, bunun müqabilində Zərdabi kimi, Məmmədquluzadə kimi mütləqiyyətin təzyiqləri ilə üzləşdikcə tədricən camaatın rəğbətini qazandı.

Çünki dövrünə görə savadlı, adekvat dəyərlər daşıyıcısı idi, fədakar və cəsarətli idi. Bunlara görə də ziyalı qalib gəldi, yeni tərəqqipərvər elitaya çevrildi, dünyəvi təhsilə pərəstiş yarada bildi.

Axundovu da, Sabiri də böyükləri molla məktəblərinə göndərmək istəyirdilər. Axundov və Sabirin özlərinin maarifçi fəaliyyəti nəticəsində isə uşağı məhz dünyəvi məktəbə göndərmək dəbi yarandı.

Bu yeni, sekulyar, demokrat, maarifçi ziyalı məmləkətin modernləşməsinə, müasir millət və dövlət quruculuğuna yol açdı.

İndiki ziyalının isə inqilabaqədərki molla kimi məhz merkantilliyinə, məddahlığına, millətin, xalqın mənafeyini şəxsi mənfəətinə qurban verməsinə, müasir biliklər və dəyərlərdən geri qaldığına görə bir zümrə kimi gözdən düşməsi həmin prosesin əks istiqamətdə inkişafına təkan verə biləcək böyük problemdir.

Bunu korrupsioner, yalnız öz mənfəətini güdən, bəd ayaq üçün özünə xaricdə dəbdəbəli yer hazırlamış rüşvətxor məmur, monopolist oliqarx, saxta deputat, köhnə partokrat vecinə almaya bilər, amma ziyalı müasir ictimai savadı varsa, imkan verməməlidir axı.

Lap tutaq ki, merkantilliyi deyil, məhz seçimin olmaması ziyalı elitasını mövcud şəraitdə bu hakimiyyəti dəstəkləməyə vadar edir. Amma axı bu hakimiyyət avtoritarizmi, korrupsiyası ilə tərəqqiyə zidd mahiyyətə malikdir, ilk növbədə məhz bunlarla assosiasiya olunur.

Ziyalı məsuliyyəti, dünyagörüşü, vizionu olsa, bir az öz şəxsi mənfəət və ambisiyalarından uzağı görsə, heç olmasa elə ehtiyatla davranar ki, bu hakimiyyəti dəstəkləməyi, onun avtoritarizmini, korrupsiyasını, ədalətsizliyini, pis əməllərini dəstəkləmək kimi çıxmaz.

Lap tutaq ki, ya məqsədyönlü olaraq, ya qanmazlığından bu hakimiyyət onları “rasxoda” verir, bəs özləri?! Bunlar bu gedişatı görmürlər, başa düşmürlər? Yaxud elə həmin vecinə almayan məmurdan fərqləri yoxdur? Ziyalı tərəqqipərvər olmalıdır axı, irticaya yol açan deyil. Tərəqqi naminə cüzi cəsarətə, fədakarlığa, dünyagörüşə, savada, dəyərlərə malik deyilsə, onların harası ziyalıdır?

Mən bunu, ibarə ilə desək, onları “taxtdan” salmaq üçün yazmıram. Özləri bu işə, ən azı, müasirliklə ifrat dərəcədə təzad təşkil etməklə, zümrə kimi mənfəətpərəstlikləri ilə hamıdan çox “töhfə” verirlər.

Mən əksinə məhz dünyəvi ziyalının elita kimi “taxtda” qalmağında maraqlı olduğum üçün yazıram. Bunun üçün aydın adına layiq olmaq üçün səy göstərmələrini istəyirəm.

Çünki dünyəviliyin, ziyalı məfhumunun gözdən düşməsinin, məntiqi kənara atan fanatizmin yüksəlişinə yol açması faktına qonşuların çox yaxın tarixində şahid olmuşuq.

Çünki savadımız, səmimiyyətimiz, obyektivliyimiz varsa, qiymətləndirmədə primitiv konspirologiyaya yoluxmayaraq, elmi çayxana səthiliyindən, məntiqi emosiyadan üstün tutmağı bacarırıqsa, heç şübhəsiz görərik ki, Yaxın Şərqin bu gün üzləşdiyi fəlakətlər, fanatizmin yüksəlişi, o cümlədən məhz dünyəviliyin korrupsioner, avtoritar və ədalətsiz hakimiyyətlərlə assosiasiya olunaraq, onunla bir yerdə gözdən düşməsi səbəbilə baş vermişdir.

Yazı müəllifin facebook səhifəsindən götürülüb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun