Zahid Oruc prezidentliyə namizədliyini verib

Zahid Oruc prezidentliyə namizədliyini verib
12 Fevral 2018
Mətni dəyiş

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Zahid Oruc aprelin 11-nə təyin edilən növbədənkənar prezident seçkisində namizədliyini irəli sürüb.

Bu barədə deputat özü məlumat verib.

Zahid Oruc daha öncə, 2013-cü ildə də öz təşəbbüsü ilə prezidentliyə namizədliyini irəli sürüb və Ana Vətən Partiyasından istefa verib.

Hal-hazırda prezidentliyə namizəd kimi hazırki dövlət başçısı İlham Əliyevin, Vətəndaş İnkişaf Partiyasının sədri Əli Əliyevin, Liberal Demokrat Partiyasının sədri Fuad Əliyevin, AXCP sədrinin keçmiş müavini Razi Nurullayevin, “AğPartiya”nın sədri Tural Abbaslının namizədliyi irəli sürülüb.

Müxalifətin təmsil olunduğu Milli Şura, AXCP, Müsavat Partiyası və REAL Hərəkatı seçkiləri boykot etdiklərini və namizəd irəli sürməyəcəklərini bildiriblər.

2016-ci il sentyabrın 26-da keçirilmiş referendum nəticəsində qanunvericiliyə edilmiş dəyişikliklərə görə, Azərbaycan Prezidentinə növbədənkənar prezident seçkisi təyin etmək səlahiyyəti verilib.

2018-ci il fevralın 5-i prezident İlham Əliyev 11 aprel tarixində növbədənkənar prezident seçkisinin keçirilməsi barədə sərəncam imzalayıb.

Prezident seçiləcək şəxs ilk dəfə olaraq 7 il müddətinə ölkəyə rəhbərlik edəcək. Buna qədər Azərbaycanda prezidentlik müddəti 5 il idi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun