Zahid Oruc: “Bu qərarın verilməsinə ölkənin təhlükəsizlik maraqları təsirini göstərib"

Zahid Oruc: “Bu qərarın verilməsinə ölkənin təhlükəsizlik maraqları təsirini göstərib"
5 Fevral 2018
Mətni dəyiş

“Prezident İlham Əliyevin sərəncamı ilə növbədənkənar Prezident seçkilərinin aprelin 11-nə təyin edilməsini yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bu, Azərbaycanın ali qanununun - Konstitusiyasının norma və prinsiplərinə tam uyğundur”.

Bunu açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc deyib.

O qeyd edib ki, bu, meydan davaları, küçə savaşları, vətəndaş toqquşmaları ilə müşayiət olunan və ya xaricdən hər hansı qüvvənin ssenarisi əsasında, onların dirijor çubuğu ilə gerçəkləşdirilən hadisə deyil: “Biz ötən on illər ərzində seçicilərin iradəsi ilə hakimiyyət institutlarının formalaşdığının şahidi olmuşuq. 2016-cı ildə keçirilən ümumxalq səsverməsində Prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırıldı. Belə bir situasiya meydana çıxırdı ki, prezident və parlament seçkiləri 2025-ci ildə yaxın aylara təsadüf edir. Bu da siyasi dayanaqlılığa mənfi təsir göstərə bilər. Bu, Qərb təcrübəsidir. Düşünürəm ki, bu məqamlar nəzərə alınıb. Bu il keçiriləcək Prezident seçkilərində iddiaçılar iştirak imkanlarını saxlayırlar. Seçki oktyabrda keçirilsəydi, ölkədə 25 ildir, özlərini hakimiyyətdən kənar saxlayanlar, elektoral bazanı itirənlər, siyasi tənha durumuna gəlib çatanlar seçkiyə fərqli durumda daxil olacaqdılar? Burada hansı hazırlıq məsələsindən söhbət gedə bilər? Yəni vaxtın tez və ya gec olması vəziyyəti dəyişmir. Bu qərarın verilməsinə həm ölkənin təhlükəsizlik maraqları, həm ölkənin siyasi gələcəyi, həm də hakimiyyət orqanlarının formalaşmasındakı zaman ardıcıllığı təsirini göstərib”.

Deputat bildirib ki, Prezident İlham Əliyevin növbədənkənar Prezident seçkiləri ilə bağlı imzaladığı sərəncam ətrafında spekulyasiya quranların mövqeləri əsassızdır: “Bunu onların özləri dəfələrlə tələb ediblər. Xatırlayıram ki, yalnız prezident seçkilərinin deyil, digər təsisatlar üçün də belə seçkilərin keçirilməsini ortaya qoyurdular. Azərbaycanda seçkilər xalqın iradəsi əsasında keçirilir. Prezident İlham Əliyev komandasında da islahatlar aparıb, yəni yenilənmə geniş şəkildə olub. Bu baxımdan növbədənkənar Prezident seçkilərinin keçirilməsi xalqın maraqlarına uyğundur”.

Z.Oruc Prezident seçkilərində namizədliyini irəli sürüb-sürməyəcəyi ilə bağlı suala isə belə cavab verib: “Bu illər ərzində siyasi əqidəmə görə Heydər Əliyev siyasi kursuna mənsub olmuşam. Bunun üçün də həmişə fəxr etmişəm. Siyasət komandalı mübarizədir. Önəmli məsələ birincilik uğrunda mübarizə aparmaq deyil. Əsas məsələ ideyalarla, starteji baxışlarla dövləti qərarlarda yer almaqdır. Azərbaycanda müxalif qüvvələr də fəaliyyətlərini uzlaşdırırlar ki, qüvvə parçalanmasın. Bu baxımdan komandalılıq siyasi prinsiplərinə əsasən qərar veriləcək”.

Prezident İlham Əliyev “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncamla Mərkəzi Seçki Komissiyasına (MSK) növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun