Taleh Bağırzadə: “Bu gün burda mən yox, xalqın sərvətini dədə malı kimi mənimsəyənlər olmalıdı”

Taleh Bağırzadə: “Bu gün burda mən yox, xalqın sərvətini dədə malı kimi mənimsəyənlər olmalıdı”
7 Fevral 2018
Mətni dəyiş

“Bu il Cümhuriyyətin 100 illiyidir. Xalq Cümhuriyyəti ilk dəfə Şərqdə qadınlara səsvermə hüququ tanıyıb. Azərbaycanın mövcud hakimiyyəti də Cümhuriyyətin davamçısı olduğunu iddia edir. Amma siyasi baxışlarına görə qadınları həbsxanaya salır. Konkret, Gözəl Bayramlı bu gün siyasi fəaliyyətinə görə həbsdədir…”, – Müsəlman Birliyi” hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırzadə fevralın 6-da məhkəmədə ifadə verərkən belə deyib.

20 il azadlıqdan məhrum edilmiş T.Bağırzadə bu dəfə CM-nin 317-2.1 (cəzaçəkmə müəssisəsi və ya istintaq təcridxanasında saxlanılan şəxsin qadağan olunmuş əşya hazırlaması, daşınması və ya istifadəsi) maddəsi ilə Qaradağ Rayon Məhkəməsində mühakimə olunur.

İttihama görə, ötən il iyulun 31-də Qobustan həbsxanasında ilahiyyatçının üzərindən yeddi ədəd “microSD” tipli yaddaş kartları aşkar edilib. Keçirilmiş ekspertizalar həmin kartlarda qanunla qadağan edilmiş məlumat aşkarlanmaması haqda rəy verib.

“KARTA GÖRƏ HEÇ KİMƏ CİNAYƏT İŞİ AÇMAYIBLAR”

Fevralın 6-da ilahiyyatçı məhkəmədə ifadə verərkən deyib ki, özünü təqsirli bilmir: “Həmin kartlar mənə aiddir. İçində ölkənin ictimai-siyasi həyatında baş verənlər haqda informasiyalar, dini mövzuda məlumatlar, moizələr var. Azərbaycan vətəndaşı kimi, ölkədə baş verənlər haqda informasiya almaq hüququm var. Mən də məlumatı bu üsulla alırdım. Məhkumların bir çoxunda həmin mini kartlardan var. Həmin kartlara görə heç kimə cinayət işi açmayıblar. Görünür, məndəki kartlarda ölkədəki ictimai-siyasi proseslər barədə məlumatların olması onları qıcıqlandırıb. Özləri də məndən soruşdular ki, sən niyə Əfqan Muxtarlının, Gözəl Bayramlının işi ilə maraqlanırsan?”

T.Bağırzadə həmin mini kartları udub. İlahiyyatçı deyir ki, əgər kartı udmağa görə cinayət məsuliyyəti varsa, o zaman xalqın malını udanlar niyə cəzalandırılmır: “İlham Əliyev niyə məsuliyyət daşımır? Bu gün bu dəmir barmaqlıqlar arasında mən yox, xalqın sərvətini dədə malı kimi mənimsəyənlər olmalıdı”.

İlahiyyatçıdan sonra şahidlər dindirilib. Şahidlər də Qobustan həbsxanasının əməkdaşları olub – Rauf Nəbiyev, Turab Babayev, Aqil Əliyev və Mirxalid Abdullayev. Onlar bildiriblər ki, cinayət işində bəhs olunan mini kartlar Taleh Bağırovzadədə olub və ilahiyyatçı onları udub.

Dindirmə zamanı həbsxana əməkdaşları da təsdiqləyiblər ki, indiyədək mini kartların saxlanmasına görə hansısa məhkuma cinayət işini açılmayıb.

T.Bağırovun vəkili Fariz Namazlı mini kartlarla bağlı rəy vermiş ekspertin məhkəmədə dindirilməsi haqda vəsatət qaldırıb. Vəsatət təmin olunmayıb.

İş üzrə hal şahidi qismində adı keçən iki nəfər Qobustan həbsxanasında saxlanılan məhkumlardı. Onlar məhkəməyə məktub göndərib. Məktubda yazılıb ki, sağlıq durumlarıyla əlaqədar məhkəməyə gələ bilmirlər, amma ibtidai istintaqdakı ifadələrini təsdiqləyirlər.

T.Bağırzadə deyib ki, heç özü də onların məhkəməyə gəlməsinin tərəfdarı deyil: “Onlar orada cəza çəkirlər və həbsxana rəhbərliyindən asılı vəziyyətdədirlər. Buna görə də gəlib burada həqiqəti deyə bilməyəcəklər. Әminəm, onların adından məktubları da həbsxana əməkdaşları özləri yazıb. Ona görə də narahat olmasınlar, heç mən də onların bura gəlməsini istəmirəm”.

Bundan sonra məhkəmə istintaqının başa çatdığı elan olunub. Fevralın 13-də keçiriləcək növbəti məhkəmə iclasında prokuror çıxış edib T.Bağırzadəyə cəza istəyəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun