Nardaran məhbusu məhkəməyə xərəkdə gətirilib

Nardaran məhbusu məhkəməyə xərəkdə gətirilib
7 Fevral 2018
Mətni dəyiş

Fevralın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələri zamanı atışma baş verən evin sahibi Əbülfəz Bünyadovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Ə.Bünyadov əməliyyat günü həbs olunsa da, bir ildən artıq müddətdə Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlandıqdan sonra 2016-cı ilin dekabrında barəsində həbs-qətimkan tədbiri dəyişdirilib. O, polis nəzarətinə vermə qətimkan tədbiri ilə evə buraxılıb. Ə. Bünyadov hərəkət qabliyyətini itirib.

Bu gün keçirilən iclasa Ə. Bünyadov Təcili Tibbi Yardım vasitəsilə xərəkdə gətirilib. Ə.Bünyadov Nardaran hadisələrindən sonra axtarışa verilib, 2017-ci ilin martında həbs olunan Elxan İsgəndərovla birlikdə mühakimə olunur.

Hakim Əfqan Hacıyevin sədrlik etdiyi iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilərkən məlum olub ki, Ə.Bünyadovun dörd, E.İsgəndərovun isə üç azyaşlı övladı var.

E.İsgəndərovun vəkili Fariz Namazlı hüquqlarını müdafiə etdiyi şəxs barəsində cinayət işinə xitam verilməsini, bu vəsatət təmin olunmasa, onun hökm çıxarılana qədər ev dustaqlığına buraxılmasını istəyib.

F.Namazlı deyib ki, müvəkkili E.İsgəndərov 5 noyabrı 2015-ci ildə "Müsəlman Birliyi" Hərəkatının sədr müavini Elçin Qasımovun həbsi ilə əlaqədar Sabunçu Rayon Polis İdarəsinin qarşısındakı etiraz aksiyasına görə ittiham olunur.

Vəkil bildirib ki, o, həmin hadisəyə görə 15 sutka inzibati həbs cəzası alıb:

"Bu, artıq adamın bir əmələ görə iki dəfə cəzalandırılmasıdır. Qanun da buna yol vermir".

Məhkəmə müşavirədən sonra vəsatətlərin heç birinin təmin olunmadığını elan edib. Bu iş üzrə məhkəmə baxışı fevralın 13-nə təyin olunub.

Ə.Bünyadov CM-nin 120 (qəsdən adam öldürmə), 228 (qanunsuz silah saxlama), 28, 214 (terrorçuluğa cəhd), 274 (dövlət çevrilişinə cəhd) və s. maddələrlə təqsirləndirilir. E.İsgəndərova da qəsdən adam öldürmə istisna olmaqla, onunla eyni maddələrlə ittiham verilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun