"Media boğulan yerdə korrupsiya meydan sulayır"

"Media boğulan yerdə korrupsiya meydan sulayır"
22 Fevral 2018
Mətni dəyiş

Transparency International təşkilatı ənənəvi illik “Korrupsiyanı Qavrama İndeksi 2017” (Corruption Perceptions Index 2017) hesabatını açıqlayıb.

Yeni hesabat dünya ölkələrinin üçdə ikisinin hələ də korrupsiyanın ağır yükü altında olduğunu göstərir.

Son illərdə açıqlanmış hesabatların təhlili göstərir ki, ayrı-ayrı ölkələrdə korrupsiyanın yüksək olması bu ölkələrdə QHT və media üzərinə hücumlarla əlaqəlidir.

Sayca 25-ci olan illik hesabatda bəzi narahatedici məlumatlar da var. Korrupsiyaya qarşı mübarizə cəhdlərinə baxmayaraq əksər ölkələrdə bu cəhdlərin sürəti az, özü isə zəifdir.

Hesabatda deyilir ki, korrupsiyaya qarşı mübarizənin vaxt tələb etdiyi başadüşülən olsa da, son 6 ildə korrupsiyalı ölkələrin əksəriyyəti bu bəlanın aradan qaldırılmasında çox ləng tərpəniblər.

Bundan da narahatedici meyl budur ki, indeksin nəticələrinə görə korrupsiyanın ən pis göstəriciləri mətbuat və qeyri-hökumət təşkilatlarının çox az müdafiəyə malik olduğu ölkələrdə qeydə alınıb.

180 ölkədə korrupsiyanın qavrama səviyyəsini göstərən indeks cədvəlində ölkələrin sıralanması ekspertlərdən və biznes adamlarından alınmış rəylər əsasında tərtib edilib.

Bu indeksdə korrupsiyanın səviyyəsi sıfırdan 100-dək bal sistemi ilə qiymətləndirilib. Sıfır son dərəcə korrupsiyalı ölkəni, 100 isə ən korrupsiyasız ölkəni göstərir.

Builki indeksə görə, dünya ölkələrinin üçdə ikisinin göstəricisi orta hesabla 43 olmaqla 50-nin altındadır.

Son 6 ildə bir neçə ölkə korrupsiyanın qavranması (CPI) indeksini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Bunların sırasında Fil Sümüyü Sahili, Seneqal və Birləşmiş Krallıq da var. Suriya, Yəmən və Avstraliya da daxil bir sıra ölkələrdə isə bu göstərici əhəmiyyətli şəkildə pisləşib.

Builki hesabatda ən yüksək korrupsiyasızlıq göstəriciləri Yeni Zelandiya (89) və Danimarkaya (88) aiddir.

Əksinə ən pis göstəricilərə Suriya (14), Cənubi Sudan (12) və Somali (9) malikdirlər.

Azərbaycan Cənubi Qafqazın “çempionu” olaraq qalır

Regionlara gəldikdə isə ən yaxşı vəziyyət yenə də Qərbi Avropadadır. Burada orta indeks rəqəmi 66-dır. Ən pis korrupsiya göstəriciləri olan regionlar Subsaxara Afrikası (32) və Şərqi Avropa və Mərkəzi Asiyadır (34).

Azərbaycanın da daxil olduğu bu regionda ən yaxşı göstəriciyə ümumi korrupsiya qavraması indeksi cədvəlində 42-ci pilləni tutan Çex Respublikası malikdir. Onun ardınca 46-cı yerdə olan Gürcüstan gəlir.

Qazaxıstan və Moldova ilə birlikdə 122-ci pillədə qərarlaşan Azərbaycan ötən illərdə olduğu kimi builki hesabatda da korrupsiya üzrə Cənubi Qafqazın “çempionu” olaraq qalır. Ermənistan 107-ci yerdədir.

2016-cı ilin indeks cədvəli ilə müqayisədə Azərbaycan bir pillə, Ermənistan 6 pillə yüksələ bilib. Gürcüstan iki pillə geriləyib.

Qalan keçmiş sovet respublikalarının, Rusiyada (135) da daxil hamısı Azərbaycandan daha aşağı pillələri tutub: Ukrayna (130), Qırğızıstan (135) Rusiya (135), Özbəkistan 157, Tacikistan (161) və Türkmənistan (167).

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun