Karrar qəsəbə sakinləri etiraz aksiyası keçirib

Karrar qəsəbə sakinləri etiraz aksiyası keçirib
22 Fevral 2018
Mətni dəyiş

Bu gün, fevralın 22-də Kürdəmir rayon Karrar qəsəbəsinin bir qrup sakinin etiraz aksiyası keçirdiyi bildirilir. Yerli sakinlərin deməsinə görə, aksiya rayon mərkəzində keçirilib.

Aksiyaya qatılanların bildirməsinə görə, narazılıqlarına səbəb onlara aid pay torpaqlarını başqa kəndin zəbt etməsidir:

"Bu torpaqlar islahat zamanı qəsbə sakinlərinə ayrılan pay torpaqlarıdır. Hər sakin torpağından ayırıb ki, mal-heyvan üçün örüş yeri kimi birgə istifadə edilsin. 2000-ci ildən 120 ha torpaq sahəsi qəsəbə sakinlərinin mal-heyvanları üçün otlaq yeri kimi istifadə edilir. İndi bir aydır ki, bu torpaqlardan istifadə olunmamasını əsas gətirərək əlimizdən almaq istəyirlər".

Hadisə yerində olan şəxslərin bildirməsinə görə, həmin torpaqları zəbt etmək istəyənlər əvvəlcə orada pambıq əkəcəklərini deyiblər. Amma sonra orada kartof əkilib, su çəkilib:

"Biz də şikayət etdik. Rayon prokurorluğundan dedilər ki, gedin kartof əkməyə qoymayın, biz də qoymadıq, su borularını sökdük. Buna görə indi rayon polisi bizi çağırıb soruşur ki, niyə bunu etmişik?".

Başqa bir aksiya iştirakçısı isə deyib ki, bu özbaşınalıq ilə bağlı artıq Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ediblər.

"Bu işin arxasında... kimsə durur"

Aksiya iştirakçılarının deməsinə görə, bu işin arxasında rayon icra hakimiyyətindən kiminsə durduğunu güman edirlər:

"Biz buna əminik ki, bu işin arxasında rayon icra hakimiyyətindən kimsə durur. Yoxsa qarşı tərəf bu özbaşınalığı edə bilməzdi. Amma biz də kiməsə güzəştə getmək fikrində deyilik, bu torpaqlara sahibliyimizi bərpa edəcəyik".

Aksiya iştirakçılarının iddiasına hələlik Kürdəmir Rayon Prokurorluğundan münasibət almaq mümkün olmayıb.

Kürdəmir Rayon İcra Hakimiyyətindən isə deyiblər ki, məsələyə yaxın saatlarda münasibət bildiriləcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun