Həbsdə intihar edən MTN polkovnikinin ailə üzvləri əmlaklarını tələb edir

Həbsdə intihar edən MTN polkovnikinin ailə üzvləri əmlaklarını tələb edir
27 Fevral 2018
Mətni dəyiş

2015-ci ilin oktyabrında MTN-də keçirilən əməliyyat zamanı həbs olunan, iki ay sonra - dekabrın 20-də saxlandığı istintaq təcridxanasında intihar edən polkovnik İlqar Əliyevin ailə üzvləri Bakı Apellyasiya Məhkəməsinə şikayət edib.

Onların şikayəti MTN-in Antiterror Mərkəzinin rəisi olmuş general Elçin Quliyev haqqında hökmdəndir.

İ.Əliyev uzun illər MTN-in Antiterror Mərkəzinin rəis müavini olub. MTN işi üzrə həbs olunanların işləri qruplaşdırılanda İ.Əliyevin işi keçmiş rəisi E.Quliyev və Antiterror Mərkəzinin əməkdaşı olmuş polkovnik Azər Mehdiyevlə birləşdirilib. Ona görə Bakı Hərbi Məhkəməsində adları çəkilən şəxslərlə yanaşı, İ.Əliyevlə bağlı məsələyə də qiymət verilib.

Mərhum polkovnik barəsində cinayət işinə onun ölümü ilə əlaqədar xitam verilib. Amma İ.Əliyev həbs olunarkən üzərinə həbs qoyulmuş əmlakların müsadirəsi haqda qərar çıxarılıb. Bu qərar da hökmdə öz əksini tapıb. Bakı Hərbi Məhkəməsi belə nəticəyə gəlib ki, İ.Əliyevin özünə və yaxınlarına məxsus həmin əmlaklar cinayət yolu ilə əldə edilib.

Ailə üzvləri isə bu qərarla razılaşmır, ona görə də hökmdən apellyasiya şikayəti veriblər. Onların şikayətinə də Bakı Hərbi Məhkəməsində E.Quliyev və A.Mehdiyevin işini araşdıran hakimlər kollegiyası baxacaq.

Mərhum polkovnik və yaxınlarına məxsus, müsadirəsinə qərar verilmiş əmlaklar arasında Bakının Badamdar, Nərimanov rayonu ərazilərində, Nabranda, Şamaxıda, Göyçayda torpaq sahələri, Mərdəkan qəsəbəsində və başqa ərazilərdə evlər var.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun