Bakı və Aşqabad Xəzərin dibinin bölünməsi məsələsini müzakirə edib

Bakı və Aşqabad Xəzərin dibinin bölünməsi məsələsini müzakirə edib
22 Fevral 2018
Mətni dəyiş

Dünən Bakıda Hökumətlərarası Qarşılıqlı Anlaşma Memorandumu əsasında 8 avqust 2017-ci il tarixində yaradılmış Energetika sahəsində Türkmənistan-Azərbaycan İşçi Qrupunun birinci iclası keçirilib.

Azərbaycan nümayəndə heyətinə XİN başçısının müavini Xələf Xələfov, Türkmənistan tərəfə isə Xəzər Dənizi məsələləri üzrə Dövlət Müəssisəsinin sədri Murad Atacanov başçılıq edib.

Türkmənistan mənbələrinin məlumatına görə, tərəflər iki ölkə arasında energetika sahəsində əməkdaşlığın bərabərlik və qarşılıqlı səmərəlilik prinsipləri əsasında inkişafı perspektivlərini müzakirə ediblər. Tərəflər qeyd ediblər ki, ötən ilin sonlarında Moskvada "Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya" layihəsinin razılaşdırılması Xəzəryanı dövlətlərin Xəzərdəki əməkdaşlığının inkişafına xidmət edəcək.

Tərəflər həımçinin Xəzərin dibinin Azərbaycan və Türkmənistan arasında bölünməsi ilə bağlı digər məsələləri müzakirə ediblər.

İki dövlətin yüksək energetika potensialını nəzərə alaraq, iclas iştirakçıları dənizdə birgə energetika layihələrinin həyata keçirilməsi üçün Xəzər üzrə müqavilə-hüquq bazasının təkmilləşdirilməsi haqqında fikir mübadiləsi aparıblar. Tərəflər növbəti iclası Türkmənistanda keçirmək barədə razılığa gəliblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun