Azərbaycanda əhalinin artım tempində kəskin azalma

Azərbaycanda əhalinin artım tempində kəskin azalma
15 Fevral 2018
Mətni dəyiş

Ötən il ölkə əhalisinin sayı 88 min 104 nəfər və ya 0,9 faiz artaraq 2018-ci il yanvar ayının 1-i vəziyyətinə 9 milyon 898 min 85 nəfərə çatmışdır.

Bu barədə məlumatı Dövlət Statistika Komitəsi yayıb. Qeyd edək ki, Azərbaycan əhalisi 2011-ci ildə 124 min nəfər, 2012-ci ildə 121,4 min nəfər, 2015-ci ildə 112,6 min nəfər, 2016-cı ildə isə 104,4 min nəfər artmışdı. Beləliklə, Azərbaycan əhalisinin artım tempi aşağı düşür.

Əhalinin ümumi sayının 52,9 faizi şəhər, 47,1 faizi kənd sakinlərinin, 49,9 faizi kişilərin, 50,1 faizi isə qadınların payına düşür.

2018-ci il yanvarın 1-i vəziyyətinə ölkə əhalisinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasında, 22,8 faizi Bakı şəhərində, 20,3 faizi Aran, 12,9 faizi Gəncə-Qazax, 9,4 faizi Lənkəran, 30,0 faizi isə digər iqtisadi rayonlarında yaşamışdır.

Bir kvadrat kilometrə düşən əhalinin sayı Bakı şəhərində 1057, Lənkəran iqtisadi rayonunda 153, Abşeron iqtisadi rayonunda 152 nəfər təşkil etmişdir ki, bu da ölkə üzrə orta göstəricidən (114) yüksəkdir.

2017-ci ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 144041 nəfər və ya hər gün orta hesabla 395, saatda isə 16 doğulmuş körpə qeydə alınmış və bu göstərici əhalinin hər 1000 nəfərinə 14,8 təşkil etmişdir. Doğulan körpələrin 2586-sı əkiz, 57-si üçəm olmuşdur. Doğum səviyyəsi Lənkəran (16,4), Dağlıq Şirvan (16,8), Aran (16,1), Quba-Xaçmaz (15,9) və Kəlbəcər-Laçın (15,8) iqtisadi rayonlarında ölkə səviyyəsindən yüksək olmuşdur. Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 46,8 faiz təşkil edərək hər 100 doğulan qıza 114 oğlan düşmüşdür (bioloji norma 105-107 təşkil edir). Doğulanların cins nisbətinin pozulması ümumi əhalinin cins strukturuna da təsir göstərmiş və hər 1000 kişiyə 1004 qadın düşmüşdür.

Ötən il ölkədə 57109 ölüm halı qeydə alınmış və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9 təşkil etmişdir.

2017-ci ildə ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 62923 nikah və 14514 boşanma halları qeydə alınmış, əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,5, boşanmaların sayı isə 1,5 olmuşdur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun