Almaniya türkləri millətçi deputatı məhkəməyə verəcək

Almaniya türkləri millətçi deputatı məhkəməyə verəcək
17 Fevral 2018
Mətni dəyiş

Almaniyanın türk icması ifrat sağçı deputatı məhkəməyə verəcək.

Türkiyənin "Hürriyet" qəzeti yazır ki, "Almaniya üçün alternativ" adlanan millətçi partiyanı təmsil edən Andre Poggenburg türkləri təhqir edərək "dəvə çobanları" adlandırıb, onlara "gəldikləri yerə getməyi" məsləhət görüb. Bundan başqa o, türkləri "1,5 milyon ermənini soyqırım etməkdə" günahlandırıb.

İfrat sağçı partiyalar onillliklər boyu Almaniyada marginal sayılıblar, seçkiləri daim uduzublar.

Amma son illərin miqrant böhranından sonra Aımaniyada millətçi hisslərin qızışmasından istifadə edə biliblər. "Almaniya üçün alternativ" partiyası son parlament seçkilərində səslərin 13 faizinə sahiblənə bilib. Hazırda parlamentdə mandat sayına görə 3-cüdür.

Bundan öncə Almaniya Daxili İşlər Nazirliyinin "Vətən Nazirliyi" adlandırılmasına etiraz etmiş türk icmasını hədəf alan Poggenburg "onlar cəsarət edib bizə tarix və yurd haqqında dərs keçməyə də çalışırlar" deyib.

Almaniyanın türk icması hazırda deputatın sözlərini hüquqi cəhətdən araşdırıdıqlarını və uyğun addımlar atacaqlarını söyləyib.

Alman deputat bu çıxışını 700 nəfərlik toplantıda edib və kütlə tərəfindən alqışlanıb.

Türk icmasının rəhbəri Gökay Sofuoğlu bu halın "Göbbels dövrünü xatırlatdığını" deyib (1930-40-cı illər nasist Almaniyası dövrünü - red.) və alman cəmiyyətinin belə hallara sərt reaksiya verməməsinə təəssüflənib.

Almaniya prezidenti Frank-Valter Ştaynmayer millətçi deputatın çıxışını pisləyib, onu nifrət yayan çağırışlardan çəkinməyə çağırıb.

Bu qalmaqal Türkiyənin baş naziri Binali Yıldırımın Almaniyaya səfəri öncəsi baş verib.

Yıldırım millətçi deputatın fikirlərinə reaksiya verməyib, görüşdüyü alman siyasətçiləri "köhnə inciklikləri unudub gələcəyə baxmağa çağırıb".

Son illərdə Türkiyə və Almaniya arasında münasibətlər gərginləşib. Almaniya Türkiyədə insan haqlarının pozulmasını sərt tənqid edib.

Bu arada Türkiyə həbsdəki alman jurnalisti də azad edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun