Ali Məhkəmə Faiq Əmirli barəsində qərarı qüvvədə saxladı

Ali Məhkəmə Faiq Əmirli barəsində qərarı qüvvədə saxladı
27 Fevral 2018
Mətni dəyiş

Ali Məhkəmədə fevralın 27-də AXCP sədrinin köməkçisi, “Azadlıq” qəzetinin direktoru Faiq Əmirlinin kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

Hakim Gülzar Rzayevanın sədrlik etdiyi iclasda F.Əmirli və vəkili Aqil Layıc iştirak edib.

İclasda onlar F.Əmirliyə bəraət verilməsini istəyiblər.

Vəkil müvəkkilinə qarşı sürülən ittihamların əsassız olduğunu, onu vergidən yayınmadığını, fətullahçılığın təbliği ilə məşğul olmadığını deyib və hər iki maddə üzrə cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini, Vergilər Nazirliyinin iddiasının rədd edilməsini istəyib.

İclasda çıxış edən Faiq Əmirli isə vəkilinin dedikləri ilə razı olduğunu, nəinki fətullahçılıq, dinlə əlaqəsi olmadığını, ittihamların qondarma olduğunu deyib.

O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Dövlət ittihamçısı isə şikayətin təmin edilməməsini xahiş edib.

Müşavirədən sonra hakim şikayətin təmin edilmədiyini elan edib.

Xatırlatma

Faiq Əmirli barəsində iyulun 24-də Səbail rayon Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçən məhkəmədə 3 il 3 ay müddətində azadlıqdan məhrum etmə qərarı çıxarılıb.

Əlavə olaraq ona qarşı Vergilər Departamentinin mülki iddiası təmin edilib və məhkəmə 39 min manat cəriməni onun tərəfindən ödənilməsinə qərar verib.

F.Əmirli 2016-cı il avqustun 20-də saxlanıb. O, Cinayət Məcəlləsinin 213.1 (xeyli miqdarda vergidən yayınma) və 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət, düşmənçiliyin salınması) maddələri ilə ittiham olunur.

Rəsmi məlumatlarda onun avtomobilindən Fətullah Gülənə məxsus kitabların tapıldığı deyilir. Sonradan bu ittiham götürüldü.

F.Əmirli isə ittihamların saxta və onun həbsinin siyasi motivli olduğunu bildirir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun