20 ildən sonra həyat necə olacaq? Məşhur alimin proqnozları

20 ildən sonra həyat necə olacaq? Məşhur alimin proqnozları
17 Fevral 2018
Mətni dəyiş

Nəzəri fizika üzrə tanınmış amerikalı mütəxəssis Michio Kaku 20 ildən sonra Yer üzündə həyatın necə olacağı barədə proqnozunu açıqlayıb.

Futurizm.com yazır ki, Dubayda baş tutan “World Government Summit”də çıxış edərkən o deyib ki, 20 ilə kompüter sözü lüğətdən çıxacaq, yəni insanlar daha onu işlətməyəcək. Çünki hər şey kompüterləşəcək, Bizim bədənimizdən tutmuş küçə hərəkətinəcən hər şey kompüter texnologiyaları ilə işləyəcək. Yer üzündə kompüter olmayan heç nə qalmayacaq.

3D texnologiyaları insanların həyatını dəyişəcək. Yəni insan artıq nə arzulayacaqsa, onu dərhal “çap edə”, yəni dükan-bazara getmədən evindəcə əldə edə biləcək: Ayaqqabıdan tutmuş zinət əşyalarınacan. Əgər övladın hansısa oyuncağı istəyəcəksə, sən sadəcə onu öz qonaq otağındakı 3D printerdə “çap edə” biləcəksən.

Ev anlayışı genişlənəcək. 20 ilə smart divar kağızları yaranacaq. Bunlar eynən kompüter ekranları kimi sənə istədiyin informasiyanı verəcək. Yəni bizim divarlarımız noutbuk, smartfon kimi olacaq, nə soruşsan, cavabını tapıb sənə deyəcək. Təsəvvür edin: Divanda, stulda oturub üzünü divara tutub nəsə soruşursan, o da sənə cavab verir.

Kakunun proqnozlarına görə, insanların bir-biri ilə ünsiyyəti asanlaşacaq. Çünki gözlərdəki kontakt linzaları həm də tərcümə funksiyasını yerinə yetirəcək. Bir alman sizdən öz dilində nəsə soruşanda siz onun dilini bilməsəniz də dediklərini anlayacaqsınız. Səyahət asanlaşacaq, artıq sən maşın sürməcəksən, maşınlar səni “sürəcək”. Konkret məkanlara şütüyən sürücüsüz maşınlara əyləşib yola düşəcəksən. Kakunun proqnozuna görə, texnologiyaların inkişafı kapitalizmi təkmilləşdirəcək, insanlar konkret xidmətlərə özləri çıxış edə biləcəklər, vasitəçilik edən şirkətlərə ehtiyac qalmayacaq. Bundan cəmiyyət udacaq, çünki arada vasitəçi olmadığı üçün həmin xidmətlər ucuzlaşacaq. Kakunun proqnozuna görə, tibb elmi inkişaf etdikcə, insan orqanizmində qocalmaya nəyin səbəb olduğu ətraflı öyrəniləcək, qoca və gənc insanların genetikası dərindən öyrəniləcək və müqayisə ediləcək. Ölüm orqanizmin inkişafında baş verən “səhvlərin” üst-üstə qalaqlanmasının nəticəsidir, elmin inkişafı bu “səhvlər”in aradan qaldırılması istiqamətində uğur qazandıqca, orta insan ömrü uzana bilər. Kaku düşünür ki, nəticədə minilliklər boyu şahların, kralların arzuladığı, amma əldə edə bilmədiyi bir şey – qocalma prosesinin sürətinin azaldılması mümkünləşəcək, sıravi insanlar belə bundan yararlana və daha çox yaşaya biləcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun