"Əliyev seçkini özünə sərfəli məqamda keçirmək istəyir"

"Əliyev seçkini özünə sərfəli məqamda keçirmək istəyir"
6 Fevral 2018
Mətni dəyiş

“Əlbəttə, heç kəs bu qərarı gözləmirdi, ancaq burada kifayət qədər məntiq var,” deyə Londonda qərargahlanan Karnegi Beynəxalq Sülh Fondunun aparıcı eksperti Tomas de Vaal prezident İlham Əliyev növbədənkənar prezident seçkiləri keçirmək qərarını Amerikanın Səsinə şərh edib.

“Qəbul olunmuş yeni konstitutsiyaya əsasən prezidentin erkən seçkilər keçirmək səlahiyyəti var. Onun nöqteyi nəzərindən, başqalarının gözləmədiyi, hazır olmadlğı və onun üçün sərfəli bir məqamda seçkini keçirmək yaxşı fikirdir."

De Vaalın fikrincə, qərarın motivlərini dəqiq demək çətindir. Belə ki, Azərbaycanda siyasi elitanın düşüncə prosesinə çıxış məhduddur. “Lakin biz fərz edə bilərik,” o əlavə edir.

Ekspert hesab edir ki, səsvermənin aprel ayına təyin olunmasında daxili və xarici faktorlar rol oynayır. Bir tərəfdən ölkə müxalifəti prezident seçkilərinə hazır deyil və onun özünün toparlamaq imkanları kifayət qədər məhddudur. Səsverməyə namizəd qismində qatıla biləcək REAL hərəkatının lideri İlqar Məmmədov hazırda həbsdədir. Seçkilərin aprel ayında keçirilməsi Məmmədovu effektiv olaraq seçki prosesindən kənarlaşdırmış olur.

“Avropa Şurası İlqar Məmmədovun həbsdən buraxılmadığı təqdirdə Azərbaycan hökumətini cəza ilə hədələyir. Əgər o, Məmmədovu seçkilərə qeydiyyat müddətindən sonra azad etsə, onda Avropa Şurasının mümkün ölçülərinin qarşısını alır.”

Digər xarici amillər sırasında Tomas de Vaal hökumətin aprel ayında Rusiyanın öz seçkilərinə başının qarışacağını və prosesə müdaxilə edə bilməyəcəyini güman etdiyini söyləyir. Habelə Ermənistan konstitutional keçid dövrünü yaşayacaq.

“O bilir ki, indi seçkiləri keçirmək üçün təhlükəsiz vaxtdır. Ciddi iqtisadi problemlər yoxdur. Kim bilir bir neçə aydan sonra vəziyyət necə dəyişə bilər. İndi sonradan daha yaxşıdır,” de Vaal prezident Əliyevin hesablamalarını şərh edir.

“Sizcə bu qərar hökumətin özünə arxayın olmamasını siqnallayırmı?” sualına cavabda de Vaal Əliyev hökumətinin “daim narahatlıq” keçirdiyini bildirir. “Onlar bilmirlər ki, müxalifət haradan baş qaldıracaq. Odur ki, situasiyaya mümkün qədər nəzarət etməyə, opponentlərini üstələməyə çalışırlar.”

Ekspert Rusiyadan fərqli olaraq Azərbaycan hökumətinin öz xaricdəki imicinə həssas yanaşdığını vurğulayır. “Onlar özlərini müsir yeni dövlət kimi təqdim etməyə çalışırlar... Qərbdə yaxşı imic saxlamaq onlar üçün mühümdür. Bu səbəblərdən biri olaraq onlar seçkiləri tez keçirib arxada qoymağa can atırlar,” o əlavə edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun