Xədicə İsmayıl Almaniya hökumətini məhkəməyə verib

Xədicə İsmayıl Almaniya hökumətini məhkəməyə verib
30 Yanvar 2018
Mətni dəyiş

Araşdırmaçı jurnalist Xədicə İsmayıl Almaniya hökumətini məhkəməyə verib.

Bu haqda jurnalist özü məlumat yayıb. X.İsmayılı narazı salan isə Almaniyada xarici jurnalistləri izləməyə imkan verən qanunun qəbuludur. Azərbaycanlı jurnalist bu məsələ ilə əlaqədar Almaniyanın Konstitusiya Məhkəməsinə müraciət edib. Yeri gəlmişkən, bu gün Bakı Apellyasiya Məhkəməsində X.İsmayılın ölkədən çıxışına qoyulan qadağa ilə bağlı şikayətinə baxılıb.Apellyasiya şikayəti Binəqədi Rayon Məhkəməsinin jurnalistə imtina qərarından verilib.

“Məni 12 min avrodan da məhrum elədilər”

X.İsmayıl məhkəmədə bildirib ki, bu qadağa üzündən xaricdə keçirilən beynəlxalq konfranslarda, ona verilən mükafatların təqdimat mərasimlərində və başqa tədbirlərdə iştirak edə bilmir. Elə sonuncu dəfə qadağanın götürülməsi ilə əlaqədar məhkəməyə müraciət edəndə ona “Stockholm School of Economics”in Riqa filialında bir ay dərs demək üçün 12 min avroluq müqavilə təklif olunmuşdu. Amma məhkəmə qadağanı aradan qaldırmaqdan imtina etdiyinə görə o, bu gəlirdən də məhrum oldu. Jurnalist onu da bildirib ki, ölkədən gedəndən sonra geri qayıtmamaq ehtimalı haqda qərarda yazılanlar həqiqətə uyğun deyil və bu fikrin heç bir əsası yoxdur: “Bu həm də mənim təqsirsizlik prezumpsiyası hüququmun pozulmasıdır”. Amma apellyasiya məhkəməsi də şikayəti təmin etməyib. X.İsmayıl ölkədən çıxışı məsələsini növbəti dəfə Ali Məhkəməyə çıxarmaq niyyətindədir. X.İsmayıl 2014-cü ilin dekabrında həbs olunub, ona 7 il 6 ay həbs cəzası verilib. 2016-cı ilin mayında ona 3 il 6 aylıq şərti cəza təyin edilib və həbsdən buraxılıb. Şərti cəza ilə əlaqədar 5 il də sınaq müddəti müəyyənləşdirilib. Bu müddətdə onun ölkədən çıxışına qadağa qoyulub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun