Korrupsionerlərin əmlakının əllərindən alınması üçün layihə təklif olunur

Korrupsionerlərin əmlakının əllərindən alınması üçün layihə təklif olunur
8 Yanvar 2018
Mətni dəyiş

Avropada mühacirətdə yaşayan, Azərbaycan Naminə Demokratiya təşkilatının (AND) həmsədri, keçmiş diplomat Arif Məmmədov həm Azərbaycanda, həm də xaricdə qanunsuz əldə edilmiş əmlakın aşkar edilməsi üzrə xüsusi komissiyanın yaradılmasını təklif edir.

Keçmiş diplomat qanunsuz əldə edilmiş (korrupsiya nəticəsində, vəzifədən şəxsi məqsədlər üçün istifadə etməklə və s.) əmlakın və maliyyə vəsaitinin aşkar edilməsi və Milli Fonda qaytarılması üçün güc qurumları, parlament üzvləri, ictimai təşkilatlar və QHT nümayəndələrindən ibarət xüsusi komissiyanın yaradılmasını təklif edir.

Qrup peşəkar hüquqşünaslar, yüksək səviyyəli maliyyəçilər və iqtisadçılardan ibarət olmalıdır. Bu sahədə təcrübəsi olan beynəlxalq ekspertlər də qrupa dəvət olunmalıdır, A.Məmmədov Facebook səhifəsində yazır.

Komissiya İnterpol, Avropa İttifaqı antikorrupsiya xidməti (OLAF), İsveçrə, Böyük Britaniya və digər ölkələrdə maliyyə kəşfiyyatının şöbələri (Financial Intelligence Unit) ilə sıx əməkdaşlıq etməlidir.

Komissiya öz işinin nəticələri ilə bağlı ölkənin Təhlükəsizlik Şurasına və Milli Məclisə hesabat verməlidir.

Görülən işlər barədə həftəlik hesabat TV və digər KİV vasitəsilə ictimaiyyətə təqdim edilməlidir. Rüblük tam hesabat isə Milli Məclisə təqdim olunmalıdır. Qaytarılmış vəsaitlər Milli Fonda (xalqa) daxil olmalıdır.

Keçmiş dövlət məmurları və onların qohumları qanunsuz əldə etdikləri vəsaiti və əmlakı könüllü qaytararsa maliyyə amnistiyası çərçivəsində həmin vəsaitin 10%-ə qədərini və daşınmaz əmlakı (1 ev, 1 bağ) özündə saxlaya bilər.

Bu zaman keçmiş dövlət məmurları və onların qohumları saziş imzalayacaqlar. Sazişdə nəzərdə tutulur ki, əgər yalnış məlumat verilərsə dövlət onların bütün əmlakını müsadirə etmək və Milli Fonda vermək hüququna malikdir.

Komissiyanın qərarı ilə bütün dövlət bağları, idarələrin pansionatları, fərdi villalar və iqamətgahlar uşaq evləri, internat məktəbləri, qocalar evi, xüsusi məktəblər, reabilitasiya mərkəzləri, şəhid ailələri, repressiya və özbaşınalıqdan əziyyət çəkənlərin ailələrinə veriləcək, A.Məmmədov təklif edir.

A.Məmmədov öz təklifini Turan-a şərh edərkən deyib ki, hakimiyyət etiraf edir ki, keçmiş nazirlər F.Məmmədov, E.Mahmudov, Z.Məmmədov, ABB- nin rəhbəri C.Hacıyev ümumilikdə 20 mlrd.-dan çox dollar oğurlayıblar. Bu, digərlərinin də oğurladığından xəbər verir. Ölkədə 40-a yaxın nazirlik və nazirlik səviyyəsində komitə var. Bura rayonların icra başçılarını, polis rəislərini, məhkəmə sədrlərini, prokurorları və digərlərini əlavə edək. Hətta hesab etsək ki, onlar oğurladıqlarının böyük hissəsini "yuxarılar"a veriblər, bütün hallarda ümumilikdə 50-70 mlrd. dollar qalır. Bu da sosial problemlərin həllinə yetər.

Gürcüstanda M.Saakaşvili hakimiyyətə gəldikdən sonra dövlət külli miqdarda oğurlanmış pulun qaytarılmasına nail oldu. Üstəlik, hər şey şəffaf edildi, xalq nə qədər pulun qaytarıldığını və hara daxil olduğunu gördü.

İndiki hakimiyyət "özünü dağıtmaq" mərhələsinə keçib və bir qədər gözləmək lazımdır. "Biz buna hazır olmalıyıq, yeni komanda düşünmək və formalaşdırmalıyıq. Artıq bu iş gedir", - A.Məmmədov qeyd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun