Juncker Qərbi Balkan ölkələrinin Avropa İttifaqına üzvlüyünü istəyir

Juncker Qərbi Balkan ölkələrinin Avropa İttifaqına üzvlüyünü istəyir
13 Yanvar 2018
Mətni dəyiş

Avropa Komissiyasının prezidenti Jean-Claude Juncker deyib ki, Avropa İttifaqı Qərbi Balkanlardakı ölkələrə üzvlük üçün aydın cığır təklif etməlidir.

 Juncker-in fikrincə, bu regionda 1990-cı illərdə baş vermiş etnik müharibələrin təkrar olunmasının qarşısı yalnız bu yolla alına bilər.

 Lakin Juncker buna da aydınlıq gətirib ki, hazırkı komissiyanın mandatı dövründə, yəni bundan sonra 2019-cu ilədək Avropa İttifaqının genişləndirilməsi nəzərdə tutulmayıb.

 Juncker yanvarın 12-də bildirib ki, 2024-cü ildə bitəcək yeni mandat dövründə bu məsələyə “daha diqqətlə və hədəfli şəkildə baxılmalıdır”.

 Onun sözlərinə görə Qərbi Balkanlara onların Avropaya inteqrasiyasına dair aydın işarə verilməlidir.

 Bolqarıstan paytaxtı Sofiyada bu ölkənin Avropa İttifaqının növbəti rotasiyalı sədrliyi qəbul etməsi mərasimində Juncker deyib ki, əks halda ötən əsrin münaqişələrə səbəb olmuş bütün elementləri bu regionda qalmaqla təhlükə təşkil edəcək.

Qərbi Balkan ölkələri, xüsusilə də keçmiş Yuqoslaviyanın respublikaları 1990-cı illərdə qanlı etnik müharibələrdən keçib.

 1991-ci ildə başlayaraq az qala bir onillik davam edən Balkan müharibələrində 140 min insan həlak olub. Bu müharibənin gedişində Yuqoslaviya Bosniya-Herzeqovina, Xorvatiya, Makedoniya, Sloveniya, Serbiya və Monteneqro (Çernoqoriya) kimi müstəqil dövlətlərə parçalanıb.

 Serbiya və Monteneqro 2006-cı ildə müstəqil olublar. Bundan iki il sonra Kosovo Serbiyadan müstəqil olduğunu bəyan edib.

 Bunlardan yalnız Sloveniya və Xorvatiya Avropa İttifaqına daxil ola bilib.

 Avropa İttifaqına 2007-ci ildə daxil olmuş Bolqarıstan bildirir ki, özünün Aİ-dəki sədrliyi illərində Qərbi Balkanların ittifaqa üzvlüyünün gerçəkləşməsi üçün əlindən gələni edəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun