İsrail əsgərini yumruqlayan fələstinli qıza ittiham verilib

İsrail əsgərini yumruqlayan fələstinli qıza ittiham verilib
2 Yanvar 2018
Mətni dəyiş

Bazar ertəsi – yanvarın 1-də İsraildə 16 yaşlı fələstinli qıza ittiham irəli sürülüb.

Ahed Tamimi iki həftə öncə İsrail əsgərini yumruqlamışdı. Bu insidentdən sonra o, fələstinlilər üçün bir qəhrəmana çevrilsə də, sağ qanad israillilər isə bu hərəkəti alçaldıcı sayıblar. Bu haqda “Reuters” agentliyi yazır.

Hadisə Tamimi-nin ailəsinin İordan çayının qərb sahilində yerləşən kənddəki evinin kandarında baş verib. İsrail əsgərlərinə daş atıldığını deyəndən sonra qarşıdurma yaranıb.

İsrail üç gündür 16 yaşlı qızı həbs edib.

“FƏLƏSTİNİN JANNA D’ARKI”

Hadisədən sonra Tamimi fələstinlilər üçün bir simvola çevrilib. İsrailin solçu “Haaretz” qəzetində bir şərhçi yazıb ki, İsrail onu “Fələstinin Janna d’Arkına çevirə bilər”, belə bir risk yaranıb.

Sağçı israillilər əsgərin cavab zərbəsinə əl atmamaqla zəif göründüyünü iddia edirlər. İsrail ordusu isə əsgərin təmkinli davranmaqla “peşəkar hərəkət etdiyini” bildirib.

“Reuters” ittihamnaməni gördüyünü, orada əsgərə hücum, əsgərin vəzifəsinin icrasının əngəllənməsi, əsgərlərə daş atılmasıyla bağlı ittihamların yer aldığını yazır. Ordu zərbədən sonra həmin əsgərin qaşının üstünün zədələndiyini bildirir.

“Tamimi əsgərlərə daş atıb, onları hədələyib, vəzifələrini yerinə yetirməsinə mane olub, iğtişaşlarda iştirak edib, digərlərini də iştiraka sövq edib”, – ordu Twitter hesabında bildirib.

Fələstinli Məhkumlar Klubunun sədri Qadoura Fares isə ittihamların saxta olduğunu iddia edir. Bu klub İsrail həbsxanalarındakı fələstinlilərin hüquqlarını müdafiə edir.

“Onların məqsədi adamları terrorizə etməkdir, uşaqları və digərlərini çəkindirməyə çalışırlar”, – o deyib.

“UZUN MÜDDƏTƏ HƏBS ETMƏK İSTƏYƏCƏKLƏR”

Tamimi-nin vəkili Gaby Lasky isə ittihamlardan bəzilərinin sonucda ləğv olunacağına əminliyini dilə gətirib. Amma prokurorlar digər ittihamlar üzrə maksimum cəza istəyə bilərlər.

“Əminəm ki, onu mümkün qədər uzun müddətə həbs etmək istəyirlər, çünki həbsxanadan kənarda onlara müqavimət səsi lazım deyil”, – Lasky agentliyə deyib.

Əsgərə hücumda təqsirli bilinən yetkin yaşlıya 10 il həbs cəzası kəsilə bilər. Amma Tamimi azyaşlı olduğundan, belə bir hökm real görünmür.

Tamimi-nin atası tanınmış fələstinli fəaldır. İnsidentin baş verdiyi Nabi Saleh kəndində illərdir hər həftə İsrailin Fələstin torpaqlarında məskunlaşma siyasətinə etiraz aksiyaları keçirilir.

İki il öncə də Tamimi-nin adı xəbərlərdə çəkilirdi, o zaman özündən balaca qardaşını həbs etməyə çalışan əsgəri dişlədiyi yerdə fotosu yayılmışdı. 2012-ci ildə Türkiyədə ona mükafat verilib, prezident Tayyip Erdogan-la görüşüb. Onda da İsrail əsgəriylə qarşıdurma fotoları internetdə geniş yayılmışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun