Ekologiya və Təbii Sərvətlər Nazirliyi: "Bayıl yamacında sürüşmə bu gün də davam edir"

Ekologiya və Təbii Sərvətlər Nazirliyi: "Bayıl yamacında sürüşmə bu gün də davam edir"
25 Yanvar 2018
Mətni dəyiş

Bayıl yamacında sürüşmə hələ də davam edir.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin geoloji planlaşdırma ekspedisiyasının rəisi Əziz Qaralov BBC Azərbaycancaya deyib.

Bakıda Bayıl yamacında, Televiziya Qülləsinin ətrafında ötən noyabrdan bəri başlayan sürüşmə davam etdiyindən ərazidə yaşayan sakinlər müvəqqəti sığınacaqlara köçürülüb.

BBC Azərbaycancaya danışan sakinlər deyirlər ki, onlar bu köçülülmədən narahatdırlar, bilmirlər ki, nə vaxt evlə təmin ediləcəklər, ümumiyyətlə, onlara ev veriləcəkmi.

"Bayıl yamacı hələ də sürüşür"

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmisi Əziz Qaralov deyir ki, Bayıl yamacında sürüşmə prossesi bu gün də davam edir.

"Aktivlik noyabr ayından başlamış və dekabrda artıq çatların eni 1 metrə çatmışdı. Yanvarda isə çatların eni 1.6 metr, dərinliyi isə 4-5 metrə çatır".

Nazirlik rəsmisi onu da bildirib ki, Bayıl sürüşmə ərazisindəki hadisələr üzun illərdir müşahidə olunur. Onun sözlərinə görə, hələ 1847-ci ildə orada ilk belə hadisə qeydə alınıb.

"Prosesin aktivləşməsinə səbəb gərginliyin artması, atmosfer çöküntüləri və insan amilidir"- Əziz Qaralov deyib.

O, həmçinin bildirib ki, ərazidə məskunlaşma aparılanda və tikinti olanda onlara müraciət olunmayıb.

"Bizə müraciət olunmur, ev çatlayandan sonra deyirlər baxın görək niyə çatlayıb". Halbuki müvafiq qanuna görə, bizdən arayış almalıdırlar, tikintidən qabaq fikrimiz soruşulmalıdır".

Əziz Qaralov vurğulaylr ki, FHN və ETSN-nin sürüşməyə meyilli ərazilərdə tikinti ilə bağlı xüsusi arayışı olmalıdır.

Sakinlər müvəqqəti sığınacağa yerləşdiriliblər

Səbail Rayon İcra Hakimiyyətindən BBC Azərbaycancaya bildiriblər ki, ərazidəki sakinlərə qohum və tanışlarının evində müvəqqəti məskunlaşmaq tövsiyyə olunub.

Başqa yerdə gecələməyə imkanı olmayan sakinlər isə rayon ərazisindəki idarə, təşkilat və müəssisələrdə yaradılmış müvəqqəti sığınacaqlara yerləşdirilib, icra hakimiyyətindən deyiblər.

Sakinlərin əksəriyyəti rayon ərazisindəki 49 və 51 saylı orta məktəblərdə yaradılan sığınacaqda məskunlaşıb.

İcra Hakimiyyətindən onu da dedilər ki, sığınacaqda yerləşdirilən sakinlər qida və su ilə təmin olunub.

Sürüşmə ərazisi hazırda polis nəzarətindədir və hadisənin ciddiliyi nəzərə alınaraq xüsusi qərərgah yaradılıb.

Sürüşmə olan yerlərdə quraşdırılmış siqnal qurğularının göstəriciləri və baş verən dəyişikliklər barədə dərhal qərargaha məlumat ötürülür.

Sürüşmə ərazisi Teleqüllədən 200-250 metr cənub-şərqdə yerləşir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun