Çovğuna görə alpinistlərin axtarışı müvəqqəti olaraq dayandırılıb

Çovğuna görə alpinistlərin axtarışı müvəqqəti olaraq dayandırılıb
2 Yanvar 2018
Mətni dəyiş

Dekabrın 24-ü itkin düşən gənc alpinistlərin axtarışı çovğuna görə müvəqqəti olaraq dayandırılıb, gənclərin üzv olduqları "Gilavar" hava və ekstrim idman klubunun rəhbəri Ziya Qasımov BBC Azərbaycancaya bildirib.

Axtarış-xilasetmə əməliyyatı ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional Mərkəzində yaradılan qərargahın rəhbəri Şahin Mirzəyev məlumatı təsdiqləyib.

Ziya Qasımov axtarışda iştirak edən könüllü və müxtəlif nazirliklərin əməkdaşlarının ərazidə olduqlarını, lakin axtarışlara davam etmək üçün hava şəratinin yaxşılasmasını gözlədiklərini deyib.

O, qeyd edib ki, axtarış vaxtı bəzi izlər aşkar olunsa da, bu izlərin kimə məxsus olduğunu təsdiqləmək mümkün olmayıb.

Polkovnik Şahin Mirzəyev hazırda ərazidə qarın 30-40 santimetrə çatdığını və havanını əlverişsiz olduğuna görə helikopterlərin də havaya qalxa bilmədiyini deyib.

O, APA verdiyi müsahibədə deyib ki, "hava şəraiti düzələn kimi axtarış-xilasetmə işləri dərhal bərpa olunacaq".

Polkovnik Mirzəyev əlavə edib ki, itkin düşmüş gənclər üzv olduqları kluba öz koordinat və planlarını verməli idilər, lakin bunu etməyiblər.

Lakin, "Gilavar" klubunun rəhbəri Ziya Qasımov plan və koordinatların verildiyini, lakin hava şəraitindən asılı olaraq fövqəladə hallarda planı dəyişməyə icazə verildiyini deyib.

O, alpinistlərin "klassik" bir planla yürüşə çıxdıqlarını, lakin yürüş zamanı planlarını dəyişməli olduqlarını ehtimal edir.

"Gilavar" hava və ekstrim idman klubunun üzvləri Namin Bünyatzadə, Babur Hüseynov və Fəridə Cəbrayılzadə dekabrın 23-ü Tufandağ ətrafına səfər edərkən itkin düşüb.

Klubun rəhbəri Ziya Qasımov gənclərlə əlaqənin dekabrın 24-ü saat 5-dən sonra kəsildiyini bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun