"Bizim dövr" qəzetinin baş redaktorunun məhkəməsi başlayıb

"Bizim dövr" qəzetinin baş redaktorunun məhkəməsi başlayıb
9 Yanvar 2018
Mətni dəyiş

Yanvarın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən"Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və onun müavini Hikmət Nəcəflinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Abzas.net xəbər verir ki, məhkəmə hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilib.

Surxay Əliyevin vəkili Bəylər Məmişov müdafiə etdiyi müdafiə etdiyi şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib. Eyni vəsatətlə digər təqsirləndirilən Hikmət Nəcəflinin də vəkili də çıxış edib.

Vəsatətlərin təmin edilməməsini istəyən prokuror, işin məhkəmə baxışına verilməsini təklif edib.

Məhkəmə vəsatətləri təmin etməyib.

Məhkəmənin növbəti iclası yanvarın 23-də keçiriləcək.

Xatırlatma

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının keçirdiyi əməliyyat zamanı “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev, “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və onun müavini Hikmət Nəcəfli saxlanılıb. Səbail Rayon Məhkəməsinin qərarı ilə onların barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Rəsmi məlumata görə, qabaqcadan əlbir olan bir qrup şəxsin gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə qadınları digər şəxslərlə görüşdürüb münasibətlərinin gizli videoçəkilişlərini aparması, onları şantaj etməsi, habelə ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mütəmadi olaraq mətbu orqanlarında dərc etdirib bu fəaliyyətin dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edilməsi və alınması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılması barədə daxil olmuş müraciətlər DTX-da araşdırılarkən Azərbaycan Respublikası ərazisində “reket” nəşrlər yaradıb, bu nəşrlərin jurnalistləri adı altında fəaliyyət göstərən bir qrup şəxs və onlarla şəbəkə halında əlbir olan digər şəxslərdən ibarət cinayətkar dəstənin silsilə cinayət əməlləri ifşa edilib, qanunsuz fəaliyyətlərinin qarşısı alınıb.

DTX tərəfindən aparılan araşdırmaların nəticələri üzrə hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə belə tədbirlərin keçirilməsi faktları üzrə cinayət işi başlanılıb.

Hazırda məhkəmə qarşısına çıxarılan Habil Vəliyevlə Surxay Əliyevin rəhbərlik etdiyi qəzetlər 2011-ci ildə Mətbuat Şurasının “qara siyahı”sına salınıb və “reket qəzetlər” elan olunub. 2014-cü ildə isə həmin siyahıdan çıxarılıb. Hər iki şəxs 2014-cü ilin avqustunda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ölkənin informasiya təhlükəsizliyi ilə bağlı keçirdiyi müşavirədə iştirak edib.

2016-cı ildə isə onlar yenidən “reket jurnalist” kimi DTX tərəfindən həbs ediliblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun