Azərbaycan turizm sahəsində də böyük ziyandadır

Azərbaycan turizm sahəsində də böyük ziyandadır
31 Yanvar 2018
Mətni dəyiş

Azərbaycanda iqtisadi inkişafın yeni drayveri elan olunan turizm sahəsində mənfi saldo qalmaqdadır. Bunu Dövlət Statistika Komitəsinin bu günlərdə yaydığı məlumatlar göstərir. İdarənin hesabatına əsasən, 2017-ci ildə ölkəmizə turist axını 2016-cı illə müqayisədə 19,9% artaraq, 2 mln. 696,7 min nəfər təşkil edib. RF-dən gələn turistlərin xüsusi çəkisi 31,7%, Gürcüstandan gələnlər 20%, İrandan gələnlər 13,5%, Türkiyədən gələnlər 11,2%, BƏƏ-dən gələnlər 3,8% təşkil edib.

Bundan başqa, hesabat dövründə MDB ölkələrindən Azərbaycana turist axını 14,3% artaraq, 1 mln. 6,5 min nəfər, Aİ ölkələrindən gələn turistlərin sayı 17,4% artaraq 105,4 min nəfər təşkil edib.

Amma ilk baxışda hökumətin milli iqtisadiyyatın çoxistiqamətli inkişafı strategiyasının uğurluluğunu təsdiq edən bu rəqəmlər digər rəqəmlərin fonunda əhəmiyyətini itirir. Statistika məlumatlarına görə, 2017-ci ildə xaricə istirahətə, müalicəyə və ya iş ezamiyyətinə gedən həmvətənlərimizin sayı 4% azalaraq, 4 mln. 108,9 min nəfər təşkil edib. Azərbaycan səyyahlarının 33,4%-i Gürcüstana, 23,4%-i İrana, qalan hissəsi Rusiya, Türkiyə, Ukrayna, Avropa və Asiyaya gedib. Başqa maraqlı faktlar da var – turistlərimizin 80%-ə yaxını xaricə səfər üçün dəmir yolu və ya avtomobil nəqliyyatından istifadə edib (çox güman ki, Gürcüstan və Rusiya istiqamətində), qalan hissəsi hava nəqliyyatı ilə səfər edib (Avropa və Yaxın Şərq istiqaməti).

Ölkədən gedənlərin və ölkəyə gələnlərin strukturu üzrə iki əsas göstəricinin müqayisəsi açıq-aşkar Azərbaycanın xeyrinə deyil. Xaricdə istirahət etməyə, səhhətini düzəltməyə, təəssüratlar qazanmağa üstünlük verən azərbaycanlıların sayı Bakıya və ölkənin regionlarına gələn əcnəbilərin sayından 30%-dən çox təşkil edir.

Hələlik Turizm və Mədəniyyət Nazirliyinin bu sahədə mənfi saldo ilə mübarizə üçün hansı tədbirləri görmək niyyətində olduğu məlum deyil. Bu zaman İdarədəki mənbə Turan-a bildirib ki, “məlumat araşdırılır, ölkədən gedən və ölkəyə gələn turistlərin həcmi arasında nəzərəçarpan fərqdə dəhşətli heç nə yoxdur. Ölkənin cəzbedici olması üçün beynəlxalq sərgilərdə iştirak, reklam çarxları və s. kimi tədbirlər görülür. Ölkədə 300-dən çox turizm operatoru, 570 otel və mehmanxana tipli obyekt fəaliyyət göstərir. İstirahət üçün gözəl yerlər var”…

Ondan niyə gözəl təbiət, gözəl milli mətbəx olduğu halda, ötən il 4 mln.-dan çox Azərbaycanlı Gürcüstanın, Türkiyənin Qaradəniz və Aralıq Dənizi sahillərinə, Rusiyanın Mineralnıe Vodı, Kislovodsk, Ukraynanın Turskovets istirahət yerlərinə, Çexiyaya, İtaliyaya, Avstriyaya gedib?

Müstəqil ekspert Samir Əliyev qeyd edir ki, bu sahədə problem və nöqsan az deyil. Həm yerli turistlərin, həm də əcnəbilərin marşrut seçiminə təsir edən əsas amil “əl yandıran” qiymətlərdir. Bu, xüsusən dəyəri turisti dərhal itələyən aviabiletlərə aiddir. Bəzən Azərbaycanda bir həftəlik istirahət büdcəsi Gürcüstana, Yunanıstana, Bolqarıstana bir həftəlik eyni turun dəyərindən iki dəfə artıq olur.

Digər bir səbəb servis, təklif olunan xidmətlərdir. Onlar beynəlxalq standartlara, həmçinin tariflərə uyğun deyil. İstirahət bazalarının yerli əhalidən tutulmuş və təlim keçməmiş personalı davranışı ilə turizm obyektinin nüfuzuna xələl gətirir. Orta sinif insanlar Azərbaycanda normal istirahət edə bilmirlər. Otellər ya çox bahadır, ya da orada yaşayış şəraiti bərbaddır.

Daha bir mühüm məqam turistin Bakıda qalma proqramıdır. Bu proqram nədən ibarətdir? Muzeyə getməkdən? İncəsənət Muzeyindən başqa, digər muzeylər əcnəbiləri o qədər də cəlb etmir. İçəri Şəhəri iki saata başdan-ayağa gəzmək, “Qız Qalası”na baxmaq olar. İki saat da Torqovayada, dənizkənarı Bulvarda və Fəvvarələr Meydanında gəzmək olar. Bəs sonra?

İqtisadçı Fikrət Məmmədovun fikrincə, Azərbaycana gələnlər ilk növbədə turizm məhsullarının qıtlığı, ikincisi isə, turistlərə xidmət prosesində iştirak edənlərin hamısının onları “soymaq”, “dolamaq” istəyi ilə üzləşirkər.

“Bu, turizm ölkəsi olmaq istəyən qonaqpərvər ölkənin nümayiş etdirməli olduğu davranış deyil. Hazırki şəraitdə əsas problem dövlətin “lazımi qədər qazanmamasında” deyil, problem özəl sektorda, korrupsiyadadır. Bu özbaşınalıq davam edərsə, o, Azərbaycana marağı məhv edəcək”, deyə Məmmədov qeyd edib.

Ekspertlərin və iqtisadçıların şərhlərinə yekun vuraraq, belə bir nəticəyə gəlmək olar ki, sadalanan problemlərin kökündə turizm sənayesinin inhisarlaşması durur. Bazar orta sahibkarları buraya buraxmayan bir neçə oliqarx arasında bölünüb. Süründürməçilik, məmurların hər bir arayış və imza üçün rüşvət tələb etməsi bu sahədə sahibkarlığın inkişafı yolunda dəfolunmaz maneələrə çevrilir. Buna görə sağlam rəqabət, düşünülmüş qiymət siyasəti haqqında danışmağa dəyməz. Belədirsə, vətəndaşlarımız istirahət üçün hər cəhətdən özlərini rahat hiss etdikləri qonşu ölkələrə gedəcəklər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun