ABŞ Dövlət Departamenti: Azərbaycanda terror riski artıb

ABŞ Dövlət Departamenti: Azərbaycanda terror riski artıb
12 Yanvar 2018
Mətni dəyiş

ABŞ Dövlət Departamenti yanvarın 10-da Azərbaycanın təhlükəlilik dərəcəsini 1-dən 2-yə qaldırıb.

Qurum ABŞ vətəndaşlarını terrorizm təhlükəsi ilə əlaqədar Azərbaycana səyahətdə diqqətli olmağa çağrılıb. Bəzi sahələrdə risklərin artdığı qeyd olunub.

Məlumatda deyilir ki, "terrorçu qruplar Azərbaycanda mümkün hücumları planlaşdıra bilərlər. Terrorçular turizm məkanlaırnı, nəqliyyatı, ticarət mərkəzlərini, yerli hökumət obyektlərini, restoranları, ibadət yerlərini, mədəni tədbirləri, aeroportları və s. ictimai yerləri hədəf ala bilərlər".

Dövlət Departamenti, həmçinin vətəndaşlarına Dağlıq Qarabağa səfər etməməyi və münaqişə ərazisində ABŞ-ın vətəndaşlarının təhlükəsizliyini qoruya bilməyəcəyi barədə məlumat verib.

XİN: "Dövlət Departamentinin məlumatı təəccüblüdür"

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ Dövlət Departamentinin Azərbaycanla bağlı son məlumatını " təəccüblə qarşılayıb".

XİN-in məlumatında qeyd olunur ki, "Azərbaycan terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə qınayır və pisləyir".

"Son illərdə Azərbaycana turist axınının 24 faiz artdığı, ölkəmizə gələn əcnəbi vətəndaşların sayının 2,7 milyon nəfəri ötdüyü, Azərbaycanın bir neçə beynəlxalq yarışlara və tədbirlərə ev sahibliyi etdiyi halda ABŞ Dövlət Departamentinin belə bir açıqlaması çox təəccüblüdür".

ABŞ və Rusiya baş qərargah və NATO hərbi komitəsinin rəhbərlərinin görüşləri kimi "vacib tədbirlərin də Bakıda keçirilidiyi" nazirliyin məlumatında vurğulanıb.

XİN Azərbaycanın "Ermənistan tərəfindən işğal altındakı ərazilər istisna olmaqla, ölkədəki təhlükəsizlik vəziyyətinə nəzarət etdiyini" bildirib.

"Yüzlərlə Azərbaycan vətəndaşının Əfqanıstanda, İraqda, Suriyada vuruşması ABŞ təhlükəsizlik xidmətlərinə də bəllidir"

Bu məlumat onu göstərir ki, ABŞ-ın daxili təhlükəsizlik xidməti, kəşfiyyatı Azərbaycanda təhdid səviyyəsinin yüksək qiymətləndirir, təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər BBC Azərbaycancaya deyir.

Onun fikrincə, son iki ildə "Azərbaycanda həyata keçirilən təhlükəsizlik tədbirləri, həbslər, silahlı müqavimət göstərən terrorçuların həbsi, onların məhkəmələri, bəzilərinin vətəndaşlıqdan məhrum edilməsi, eyni zamandan onlara qarşı mübarizə aparılması" belə bir qiymətləndirməyə səbəb ola bilər:

"Yüzlərlə Azərbaycan vətəndaşının Əfqanıstanda, İraqda, Suriyada vuruşması təbii ki, Azərbaycanla bərabər ABŞ təhlükəsizlik xidmətlərinə də bəllidir".

Sülhəddin Əkbər əlavə edir ki, Azərbaycanın müharibə vəziyyətində olmasını, qeyri-sabit regionda yerləşməsini, İran ətrafında proseslər, özünü İslam Dövləti adlandıran qrupun Azərbaycanı öz gələcək "xilafət" ərazisində gördüyü nəzərə alınsa, belə qiymətləndirməni normal qarşılamaq olar. Ancaq onun sozlərinə görə, terror təhlükəsinin 2-ci, daha yüksək səviyyəyə qaldırılması ehtimallara söykənib, bu o demək deyil ki, konkret hücumlar planlaşdırılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun