Tillerson Moskvaya kəskin xəbərdarlıq edib

Tillerson Moskvaya kəskin xəbərdarlıq edib
13 Dekabr 2017
Mətni dəyiş

ABŞ dövlət katibi Rex Tillerson dekabrın 12-də vediyi bəyanatda Rusiyanın Amerika prezidenti seçkisinə iddia edilən müdaxiləsini “hibrid müharibəsi” aktı adlandırıb.

ABŞ kəşfiyyat agentliklərinin çoxdan bəlli olan qənaətinə görə Vladimir Putinin Kremli ABŞ seçicilərinə kiberhücumlar və təbliğat vasitəsilə təsir etmək cəhdləri göstərib.

Lakin prezident Donald Trump, onun Hillary Clinton üzərində cüzi fərqlə qələbəsində Rusiyanın hər hansı rol oynadığına dair mülahizələri hiddətlə rədd edir.

Tillerson Dövlət Departamentinin heyəti qarşısnda ilsonu çıxışında Moskvaya onun davranışı barədə kəskin xəbərdarlıq verib.

Tillerson dünya böyunca Birləşmiş Ştatların diplomatik missiyalarına translyasiya edilən nitqində ABŞ diplomatlarına və dövlət qulluqçularına deyib ki, Trump tez-tez Rusiya və ABŞ kimi iki güc arasında “məhsuldar münasibətlərin” vacibliyindən söz açıb.

Tillerson deyib ki, bu gün belə bir münasibətlərdən söhbət gedə bilməz və “biz bunun səbəbini bilirik: Rusiya müstəqil dövlət olan Ukraynanın işğalı yolunu seçib”

Dövlət katibi bildirib: “Rusiya hibrid müharibəsi vasitəsilə burada demokratik proseslərə müdaxilə etmək yolunu seçib və sonra bunu başqa ölkələrə qarşı da edib”.

Bununla yanaşı Tillerson xatırladıb ki, Birləşmiş Ştatlar və Rusiya Suriyada sülhün bərqərar edilməsi sahəsində müəyyən ortaq mıəxrəcə gəlib, hərçənd bütün başqa məsələlərdə mövqe fərqləri qalır.

O vurğulayıb ki, hazırda daha isti münasibətlərin qarşısında başlıca maneə Rusiyanın Ukraynaya müdaxiləsidir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun