Taleh Bağırov ifadə verməkdən imtina edib

Taleh Bağırov ifadə verməkdən imtina edib
28 Dekabr 2017
Mətni dəyiş

«Müsəlman Birliyi» Hərəkatının sədri, həbsdə olan ilahiyyatçı Taleh Bağırov haqqında açılan yeni cinayət işi üzrə ifadə verməkdən imtina edib.

Bu haqda AzadlıqRadiosuna ilahiyyatçının vəkili Cavad Cavadov məlumat verib.

Vəkil bildirib ki, dekabrın 27-də Qobustan həbsxanasında Taleh Bağırova müdafiəçisinin iştirakı ilə Cinayət Məcəlləsinin 317-2.1 (cəzaçəkmə müəssisəsində və ya istintaq təcridxanasında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanması) maddəsi ilə ittiham elan olunub. Bu işin istintaqını Ədliyyə Nazirliyinin İstintaq İdarəsi aparıb.

İttihama görə, 31 iyul 2017-ci ildə ilahiyyatçının üzərindən yeddi ədəd «microSD» tipli yaddaş kartları aşkar edilib. Keçirilmiş ekspertizalar həmin kartlarda «Qurani Kərim», Quran təsviri və başqa məlumatların olması haqda rəy verib.

«Həmin kartlarda qadağan olunmuş hər hansı məlumatlar olmayıb. Taleh Bağırov özünü təqsirli bilmədi və ifadə verməkdən imtina etdi. Dedi ki, ifadəni məhkəmədə verəcək», - vəkil bildirib.

C.Cavadovun sözlərinə görə, yeni cinayət işinin istintaqı tamamlanıb, iş materialları ilə tanışlıq mərhələsidir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun