Nardaran işi-2: "Günahsız adamların ümidini öldürməyin"

Nardaran işi-2: "Günahsız adamların ümidini öldürməyin"
25 Dekabr 2017
Mətni dəyiş

"Məhkəmə mühakimə orqanıdır. Elə mühakimə edin ki, Allahın mühakiməsinə üzü ağ çıxasınız".

Vəkil Fariz Namazlı Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələrindən sonra həbs olunmuş daha 12 nəfərin işinə baxan hakimlərə (Mayıl Bayramov, Rahib Salmanov və Samir Əliyev) belə çağırış edib.

Şərti olaraq, "Nardaran işi-2" adlandırılan və bir ildir davam edən bu məhkəmə prosesində dekabrın 25-də vəkillər çıxış edib. Təqsirləndirilən şəxslərdən İsa İbrahimovun vəkili Azər Nağıyev, Nahid Qəhrəmanovun vəkili Bəxtiyar Hacıyev, Elgün Axundovun vəkili Gürsel Atakişiyev və digərləri hüquqlarını müdafiə etdikləri şəxslərin təqsirsizliyindən, ittihamların saxta olmasından danışıblar. Bildiriblər ki, bir ildir mühakimə olunan bu adamlar heç bir günahları olmadığı halda, iki ildən çoxdur həbsdə saxlanılırlar. Vəkillərin sözlərinə görə, bu adamların evlərindən silah-sursat çıxması, onların dövlət çevrilişinə cəhd göstərməsi və s. ittihamlar saxtadır. Müdafiəçilər deyir ki, silahları evlərdən kimlər götürübsə, elə onların özləri də qoymuşdu. Təqsirləndirilən şəxslərin istintaqdakı ifadələrinə gəlincə, vəkillər həmin ifadələrin onlardan işgəncə altında alındığını bildiriblər.

"Terror təşkilatı Ədliyyə Nazirliyinə müraciət edər?"

Təqsirləndirilən şəxslərdən ilahiyyatçı Elçin Qasımovun vəkili F.Namazlı çıxışında deyib ki, müvəkkilinin sədr müavini olduğu "Müsəlman Birliyi" Hərəkatı cinayət işinin materiallarında "cinayətkar birlik", "terror təşkilatı" kimi təqdim olunub. Halbuki, bu təşkilat təsis olunandan sonra dövlət qeydiyyatından keçmək üçün Ədliyyə Nazirliyinə müraciət edib, özünün nizamnaməsi var: "Heç bir cinayətkar dəstə yarananda qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət etmir, yaradılanda mətbuat konfransı keçirmir".

İlahiyyatçı Taleh Bağırov da "cinayətkar dəstənin başçısı" kimi təqdim edilir. Vəkil isə bildirib ki, ilahiyyatçının çıxışları YouTube kanalında var və onlardan görünür ki, T.Bağırov dövlətçilik əleyhinə heç bir fikir səsləndirməyib, sadəcə, hökumətin siyasətini tənqid edib: "Bu isə dövlətçilik əleyhinə çağırış kimi qiymətləndirilə bilməz".

Həbs olunarkən və istintaq dövründə təqsirləndirilən şəxslərin hüquqlarının pozulmasından danışan F.Namazlı cinayət işində bəhs olunan "Hacı Taleh Bağırzadənin müraciəti" adlı kitabçaya da toxunub. İddia olunur ki, təqsirləndirilən şəxslərin hamısının evindən o kitabçadan tapılıb. Vəkil isə bunu təkzib edir:

"Taleh Bağırov özü də məhkəməsində bildirmişdi ki, yalandır, o, belə bir kitabça hazırlamayıb. Hətta demişdi ki, həmin kitabçanı onun həbsindən sonra Daxili İşlər Nazirliyinin əməkdaşları hazırlayıb, iş materiallarına əlavə ediblər. Kitabçada Nardaranda bas verən hadisələrdən, Elçin Qasımova, Elman Ağayevə edilən zülmlərdən danışılır. T.Bağırov özü Nardaran hadisəsi günü həbs olunub, Elman Ağayev də ondan bir neçə gün sonra. T.Bağırov özündən bir neçə gün sonra həbs olunan adama edilən zülmləri əvvəlcədən necə bilib yaza bilərdi?".

"Alternativ həmişə var – sistemin qulluğunda durmamaq"

Vəkil çıxışının sonunda hakimlərə müraciət edib. Söyləyib ki, təqsirləndirilən şəxslər məhkəmənin hökmünün necə olacağını əvvəlcədən bilirlər. Amma yenə də xırda bir ümidlə ədalətli nəticə gözləyirlər. F.Namazlı hakimləri günahsız insanlarda olan bu ümidi öldürməməyə çağırıb.

"Hakimiyyətin tapsırıqlarını icra edənlər düşünür ki, ən böyük ləyaqət dövlət, daha doğrusu, sistem qarşısında borcunu ödəməkdir. Onlar "mən necə dəhşətli işlər görürəm" əvəzinə, "mən öz borcumu yerinə yetirmək üçün necə dəhşətli işləri müşahidə etməyə məcburam, mənim işim necə ağırdır" deyirlər. Onlar öz əməllərinə haqq qazandırmağa çalışanda bunu dilə gətirirlər. Amma alternativ həmişə var, məsələn, sistemin qulluğunda durmamaq.

Roma hüququnun banisi Marek Novitski deyirdi ki, hər bir dövlətdə istənilən dövlət orqanını tənqid etmək, ona lağ etmək olar. Hansısa nazirin axmaq çıxışına görə bütövlükdə Nazirlər Kabinetini tənqid etmək, ona lağ eləmək olar. Amma ədalət mühakiməsi yeganə qurumdur ki, ona rişxənd etmək olmaz. Əgər bir dövlətin ədalət mühakiməsinə insanlar lağ edirsə, o deməkdir ki, həmin dövlətin təməl sütunları çoxdan sarsılıb.

Məhkəmə mühakimə orqanıdır, elə mühakimə edin ki, Allahın mühakiməsinə üzü ağ çıxasınız...", - F.Namazlı çıxışını belə bitirib.

Beləliklə, "Nardaran işi-2"də vəkillərin çıxışı mərhələsi yekunlaşıb. Dekabrın 26-da bu məhkəmədə təqsirləndirilən şəxslər son sözlərini deyəcəklər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun