Mirşahin Ağayevin qardaşının məhkəməsi başlayıb

Mirşahin Ağayevin qardaşının məhkəməsi başlayıb
19 Dekabr 2017
Mətni dəyiş

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən fəaliyyəti dayandırılmış ANS Şirkətlər Qrupunun vitse-prezidenti, tanınmış jurnalist Mirşahin Ağayevin qardaşı Mirəddin Ağayevin məhkəməsi başlayıb.

Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra məhkəmə istintaqının başlandığı elan olunub. Dövlət ittihamçısı ittiham aktını elan edib.

M.Ağayev elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini deyib. Məhkəmədə ifadə verən M.Ağayev zərəri ödəyəcəyini söyləyib.

Prosesdə zərərçəkmişlər də dindirilib. Onlar dəymiş zərərin ödənilməsini tələb ediblər.

Qeyd edək ki, Mirəddin Ağayev dələduzluqda ittiham edilir. Onun barəsində istintaq hələ ötən ilin noyabrında başlayıb. Belə ki, Qəzənfər Davud oğlu Qəzənfərov adlı şəxsin Səbail rayon Polis İdarəsinə şikayəti əsasında o, istintaqa cəlb olunub. Vətəndaş, Mirəddin Ağayevin dələduzluq yolu ilə onun 2000 manatını mənimsədiyini bildirib. Təqdim olunan sübutlar əsasında cinayət işi açılıb və bir neçə gün sonra M. Ağayev yaşadığı Yardımlı rayonunda saxlanılıb. May ayının əvvəllərində isə məhkəmə onun barəsində həbs qərarı çıxarıb.

İttihama görə, M.Ağayev 4 vətəndaşa qarşı ümumilikdə 86 min manat məbləğində dələduzluq edib.

Xatırladaq ki, ixtisasca həkim olan Mirəddin Ağayev Mirşahin Ağayevin böyük qardaşıdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun