Dünyanı düşünənlərin reytinqi açıqlanıb

Dünyanı düşünənlərin reytinqi açıqlanıb
5 Dekabr 2017
Mətni dəyiş

2016-cı ildə irticaçı populizm dünyanı ağuşuna aldı – Britaniyanı Brexit referendumu çalxaladı, ABŞ-da Donald Trump, Filippində Rodrigo Duterte prezident seçildilər. Bu ilsə haqq-hesab ili olub. Yeni düzən möhkəmləndikcə, yerdə qalanlar bu reallığa dirənməyin yollarını götür-qoy ediblər.

“Foreign policy” dərgisi yazır ki, 2017-ci il təkcə populizm kimi böyük hekayətlərlə yadda qalmayıb. Şimali Koreya Birləşmiş Ştatları vurmağa qadir yeni güclü raketləri sınaqdan keçirib.

İslam Dövləti (İŞİD) silahlı qruplaşması bir-birinin ardınca məğlubiyyətlər yaşayıb, ancaq əhatə dairəsini də genişləndirməyə çalışıb.

PROSESLƏRƏ CAVAB

Demokratik ölkələr Rusiyanın onların işinə getdikcə aqressivləşən müdaxiləsiylə mübarizə aparıb. Milyarderlər ABŞ hökumətinin başına keçib. İfrat sağçılar hakimiyyətin dadına baxmağa başlayıb. Bundan hərəkətə gələn ifrat solçular arxa cəbhədən önə keçib.

Bütün bunlarla bir arada dünya 2-ci dünya müharibəsindən bəri ən böyük humanitar fəlakəti gözardı edib. BMT-nin hesablamalarına görə, evlərindən didərgin düşənlərin sayı rekord həddə çatıb, 20 milyon nəfərsə aclıqdan əziyyət çəkir.

Dərgi qeyd edir ki, bütün bu proseslərə təkcə siyasətçilər və etirazçılar reaksiya verməyib. Səudiyyədə qadınlar axır ki maşın sürmək hüququ qazanıblar. Vyetnam müharibəsindən söz açan yeni filmdə ilk dəfə olaraq yerli əhalinin də səsi eşidilib. Genetik xəstəliklərlə mübarizədə ümidlər yaranıb. Mühacirətdə yaşayan çinli rəssam (Ai Weiwei) dünyada artan qaçqın böhranını işıqlandırmağa başlayıb və sairə.

“Foreign Policy” hər il Qlobal Düşünənlər (Mütəfəkkirlər) siyahısını hazırlayır. Builki reytinqə Qlobal yenidən Düşünənlər adlanır. Siyahıya deputatlar, texnokratlar, komediyaçılar, vəkillər, sahibkarlar, kinorejissorlar, prezidentlər, siyasi məhbuslar, provokatorlar, tədqiqatçılar, strategiklər daxildir. “Onlar təkcə bizim qəribə yeni dünyamızı yenidən götür-qoy etmir, onu yenidən formalaşdırmağın da yolunu axtarırlar. Bu şəxslər 2017-ci ilə möhürünü vuranlardır”, – dərgi yazır.

SİYAHIDA KİMLƏR VAR

Birinci yeri Birləşmiş Ştatlardan siyasətçi və hüquqşünas Kamala Harris tutub. Onun Trump erasında Demokratik Partiyaya ümid verdiyi qeyd olunur.

Cənubi Koreya prezidenti Moon Jae-in ikincidir, ölkəsində demokratik idarəçiliyi bərpa etməyə çalışdığı vurğulanır.

İlk onluqda prezident Trump-ın “Öncə Amerika” strategiyasını formalaşdırmış Stephen Bannon və İraqı birləşdirməyə çalışan baş nazir Haider al-Abadi-nin də adları var.

Reytinqdə Fransa prezidenti Emmanuelle Macron-un, Şimali Qafqazda geylərə qarşı kampaniyanı dünyaya çatdıran jurnalist Elena Milashina-nın, daha bir jurnalist, vaxtilə AzadlıqRadiosunun rus xidmətinin rəhbəri olmuş Masha Gessen-in də adlarına rast gəlirik. Qeyd olunur ki, Gessen amerikalılara demokratiyaya əsl təhdidin Kremldən deyil, Ağ evdən gəlməsi barədə xəbərdarlıq edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun