Keçmiş deputatın oğlu 3 il müddətinə azadlıqdan məhrum edilib

Keçmiş deputatın oğlu 3 il müddətinə azadlıqdan məhrum edilib
20 Dekabr 2017
Mətni dəyiş

Keçmiş deputat Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadəyə üç il həbs cəzası verilib. Dekabrın 20-də Nəsimi Rayon Məhkəməsində hakim Şəlalə Həsənova bu haqda hökm çıxarıb.

Hökmdən öncə təqsirləndirilən şəxsin vəkili də müdafiə çıxışında, özü də son sözündə bəraət istəyib.

Amma hakim ittiham hökmü çıxarıb. Hökmdə yazılıb ki, Ə.Salahzadəyə CM-nin 315.2 (xidməti vəzifəsini yerinə yetirən hakimiyyət nümayəndəsinə həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə verilmiş ittiham məhkəmədə təsdiqini tapıb.

Ə.Salahzadə «Azərsu» ASC-nin işçisi Elbəy Mirzəliyevə zor tətbiq etməkdə suçlanaraq, sentyabrın 13-də həbs olunub. İttihama görə, o, supulu ödənişi ilə əlaqədar evinin qapısına gələn «Azərsu»nun iki əməkdaşını təhqir edib, onlardan birini döyüb.

Zərərçəkmiş E.Mirzəliyev məhkəmədə dindirilərkən təqsirləndirilən şəxslə barışdıqlarını, ondan şikayətçi olmadığını söyləyib. Zərərçəkmiş məhkəməyə bu haqda yazılı ərizə də verib.

Ə.Salahzadə özünü təqsirli bilmir. Vəkili Nəsimi Rayon Məhkəməsinin hökmündən apellyasiya şikayəti verəcək.

Q.Salahzadə oğluna qarşı bu ittihamı əsassız hesab edir. Keçmiş deputat oğlunun həbsinə görə baş prokuror Zakir Qaralovu günahlandırır. İddia edir ki, Qaralov vaxtilə torpaq məsələsinə görə aralarında yaranmış ədavətə görə ondan qisas alır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun