Avropa İttifaqı insan haqlarına görə Türkiyəyə yardım pulunu kəsir

Avropa İttifaqı insan haqlarına görə Türkiyəyə yardım pulunu kəsir
1 Dekabr 2017
Mətni dəyiş

Avropa İttifaqı Türkiyənin üzvlük müraciəti ilə bağlı 2018-ci il üçün nəzərdə tutulmuş yardım fondundan 175 milyon avronu kəsməyə hazırlaşır.

Reuters agentliyinin diplomatlara istinadən verdiyi xəbərə görə İttifaq habelə Türkiyənin inkişaf proqramı üçün nəzərdə tutulmuş 3, 5 milyard avro məbləğində kreditləri də bloklaya bilər.

Agentliyin xəbərində deyilir ki, Türkiyədə insan haqlarının pisləşməkdə davam edən vəziyyəti ilə bağlı atılan bu simvolik addım ümumiyyətlə, Türkiyənin potensial üzv ölkələr üçün nəzərdə tutulmuş bütün qalan yardım fondlarının daha uzun müddətdə ixtisarının başlanğıcı ola bilər.

Avropa Parlamentinin büdcə məsələləri üzrə baş danışıqçısı SiegfriedMuresan deyib: “Nə qədər ki, Türkiyə ifadə azadlığı və insan haqlarına hörmət etmir və Avropanın demokratik standartlarından uzaqlaşmaqda davam edir, biz belə bir rejimi Aİ fondlarından maliyyələşdirə bilmərik”.

İki Avropa diplomatı deyib ki, Aİ liderləri bu həftə Avropa Parlamentinin Türkiyədə siyasi islahatların həyata keçirilməsi üçün ayrılmış 105 milyon avronun Ankaraya verilməməsinə dair qərarı ilə razılaşıb və bundan başqa Türkiyəyə verilməli olan 70 milyon avro geri çəkilib.

Muresan deyib ki, Ankara insan haqlarının vəziyyətini yaxşılaşdırarsa, bu 70 milyon avro ona verilə bilər.

Reuters yazır ki, Türkiyə üçün ayrılmış pulların kəsilməsi miqyası ilkin təkliflərdəki 80 milyon avrodan qat-qat çoxdur və bu, Ankaranın ittifaqa üzv olmaq arzularının getdikcə öləziməkdə olduğunu göstərir.

Türkiyəyə verilməli olan fondların ixtisarına çağırışı Almaniya kansleri Angela Merkel etmiş və Türkiyədə insan haqlarının vəziyyətini “qeyri-məqbul” adlandırmışdı.

Avropa İttifaqı Türkiyəyə 2016-cı il miqrant sazişi ilə bağlı ayırdığı pullardan başqa, həm də 2014-2020-ci illər arasında Ankaraya daha 4, 4 milyard avro verməliydi.

Bəzi Avropa hökumətləri dondurulmuş fondların Türkiyənin QHT-lərinə verilməsini təklif edirlər.

Gələn həftə Aİ hökumətləri və millət vəkilləri Türkiyəyə Avropada İnkişaf və Yenidənqurma Bankının 2020-ci ildək verməli olduğu 3, 5 milyard avronun bloklanıb-bloklanmaması məsələsinə baxacaqlar.

Diplomatlar deyirlər ki, böyük bir ehtimalla indi bu pullar Ukrayna və keçmiş sovet respublikalarına veriləcək.

Merkel deyib ki, Türkiyədə qanunun aliliyi “yanlış istiqəmətdə” gedir. O 2016-cı ilin çevriliş cəhdindən sonra Erdoğan hökumətinin apardığı geniş repressiyaları tənqid edib.

Aİ Türkiyədə çevriliş cəhdini pisləsə də, Erdoğanın bu cəhdə reaksiyası, onun ABŞ vətəndaşlarını və ikili vətəndaşlığı olan avropalıları saxlaması, üstəlik Almaniyanı “nasist” adlandırması Avropa-Türkiyə münasibətlərini son dərəcə tarıma çəkib.

Erdoğan deyir ki, İraq və Suriya ilə həmsərhəd olan NATO üzvünün stabillik naminə repressiyaları zəruridir.

Aİ ilə Türkiyə arasında üzvlük danışıqları Avstriyanın tələblərinə baxmayaraq dondurulmayıb.

Avropa miqrant axının dayandırılmasında hələ də Türkiyəyə güvənməyə məcburdur.

Lakin Almaniya və Hollandiya Türkiyəyə siyasi islahatlar üçün maliyyə fondlarının ayrılmasını mənasız hesab edirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun