Ali Məhkəmə Mövsüm Səmədovun kassasiya şikayətini təmin etməyib

Ali Məhkəmə Mövsüm Səmədovun kassasiya şikayətini təmin etməyib
6 Dekabr 2017
Mətni dəyiş

Dekabrın 6 -da Ali Məhkəmədə Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun kassasiya şikayətinə baxılıb.

Məhkəmə Əli Seyfəliyevin sədrliyi ilə keçirilib.

İclasda M.Səmədovun iştirakı təmin edilməyib. Vəkil Cavad Cavadov vəsatətlə çıxış edərək Mövsüm Səmədovun məhkəmədə iştirakının təmin olunmasını xahiş edib. Məhkəmə  vəsatəti təmin etməyib. Hakim bildirib ki, Səmədov məhkəmədə özünün iştirakını faktiki olaraq əsaslandırmayıb və onun hüquqlarını müdafiə edən vəkili dinləmədə iştirak edir.

Daha sonra Cavad Cavadov çıxışında Səmədovun işində ədalətli məhkəmə araşdırılması hüququnun pozulduğunu deyərək işin yenidən araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini istəyib.

Dövlət ittihamçısı İlkin Yusifov isə kassasiya şikayətinin əsassız olduğunu deyib və təmin edilməməsini xahiş edib.

Müşavirədən sonra hakim qərarı elan edib. Qərara görə, Ə.Seyfəliyev kassasiya şikayətinin təmin edilmədiyini elan edib.

Mövsüm Səmədov 2 yanvar 2011-ci ildə saxlanılaraq, polisə tabesizlik maddəsi ilə 13 sutka inzibati həbsə məhkum olunub. 13 sutkalıq həbs cəzası bitəndən sonra ona qarşı qanunsuz silah saxlamaq, hakimiyyətin ələ keçirilməsi və başqa ittihamlarla cinayət işi açılıb. O, hakimiyyəti tənqid etməsi ilə tanınıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o,12 il müddətinə azadlıqdan məhrum edilib. Səmədov  və onun təmsil edildiyi partiya həbsi onun çıxışları ilə əlaqələndirir.

2014-cü il oktyabrın 9-da Qaradağ Rayon Məhkəməsinin qərarı ilə M.Səmədov 12 saylı cəzaçəkmə müəssisəsindən 2 illik Qobustan Qapalı Rejimli həbsxanasına köçürülüb. Şərtlərin sərtləşdirilməsi M.Səmədovun intizamı pozması ilə əsaslandırılıb. O, 2016-cı il noyabrın 28-də 12 saylı cəzaçəkmə müəssisəsinə qaytarılıb.

Mövsüm Səmədova bir neçə dəfə "kars" cəzası veriləndən sonra həbsxana rəisi Rauf Məmmədov onun Qobustan qapalı həbsxanasına köçürülməsi ilə bağlı təqdimat verib.

Qaradağ rayon Məhkəməsi təqdimatı təmin edib. Onun 3 il müddətinə qapalı tipli həbsxana rejiminə keçirilməsi barədə qərar qəbul edilib. Bakı Apelyasiya Məhkəməsi də qərarı qüvvəsində saxlayıb. Kassasiya şikayəti həmin qərardan verilmişdi.

Beynəlxalq təşkilatlar onu “siyasi məhbus” kimi tanıyır.

Mövsüm Səmədovun vəkillərinin biri də Yalçın İmanov idi. O, noyabrın 21-də Vəkillər Kollegiyasından uzaqlaşdırılıb.

Beynəlxalq təşkilatlar kollegiyanın bu qərarını vəkilə qarşı təzyiq kimi qiymətləndirir. Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Muyjnieks vəkil Yalçın İmanovun Azərbaycan Vəkillər Kollegiyasından uzaqlaşdırılması ilə bağlı narahatlığını ifadə edib.

“Human Rights Watch” insan haqları təşkilatı da Yalçın İmanovla bağlı qərarı pisləyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun