Aİ Rusiya qarşı sanksiyaları daha 6 ay uzadır

Aİ Rusiya qarşı sanksiyaları daha 6 ay uzadır
22 Dekabr 2017
Mətni dəyiş

Avropa İttifaqı Ukraynadakı təcavüzkar hərəkətlərinə görə Moskvanın üzərinə qoyulmuş iqtisadi sanksiyaların müddətini daha al ay uzatmaq barədə qərar qəbul edib.

Avropa Şurasının dekabrın 21-də verdiyi bəyanatda deyilir ki, Avropa İttifaqı liderlərinin ötən həftə qəbul etdikləri qərar rəsmiləşdirilib və beləliklə, Rusiya üzərindəki sanksiyaların müddəti 2018-ci ilin iyulunadək uzadılıb.

Avropa İttifaqının Rusiyanın əsasən bank və enerji sektorlarını hədəfləyən sanksiyaları ilk dəfə 2014-cü ilin yayında elan edilib və o vaxtdan bəri hər altı aydan bir uzadılır.

Bundan əvvəl, dekabrın 14-də Brüsseldə Avropa İttifaqı liderləri bu məsələni müzakirə etmişdilər. Bu müzakirələr zamanı Fransa prezidenti Emmanuel Macron və Almaniya kansleri Angela Merkel həmkarlarını Rusiya üzərindəki sanksiyaların müddətinin uzadılması zərurətinə inandırmağa çalışırdılar.

Avropa İttifaqından rəsmən danışmaq səlahiyyəti olmayan mənbə AzadlıqRadiosuna deyib ki, müzakirələr zamanı Macarıstan, İtaliya və Slovakiya Rusiya sanksiyalarının uzadılmasına qarşı çıxsalar da, sonunda Avropa həmrəyliyinin daha mühüm olduğunu qəbul ediblər.

Dekabrın 14-də Brüsseldə keçirilən sammitdə Avropa Şurasının prezidenti Donald Tusk deyib ki, “sanksiyaların Rusiyaya təsir rolu məsələsində bütün ittifaq üzvləri həmrəydirlər”.

Tusk deyib ki, əslində bu dəfə sanksiyaların uzadılması uzun müzakirə və mübahisələrə səbəb olmayıb.

Lakin Merkel bildirib ki, liderlər sanksiyaların uzadılmasına dair intensiv müzakirə aparıblar və hamı Ukrayna münaqişəsinin çözümü prosesində irəliləyişə nail olmağın mühümlüyü məsələsində razılaşıb.

Avropa İttifaqı və ABŞ Rusiya üzərinə sanksiyaları Moskva 2014-cü ilin martında Krım yarımadasını ilhaq edəndən və Ukraynanın şərqində separatçıları dəstəkləyəndən sonra qoyublar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun