Londonda ev almaq çətinləşir

Londonda ev almaq çətinləşir
29 Noyabr 2017
Mətni dəyiş

Londonda ev almaq getdikcə əlçatmaz olur, qiymət artımının yavaşımasına, hökumətin birinci dəfə el alanlar üçün qiymətləri salmaq cəhdlərinə baxmayaraq, bu tendensiya güclənir. Bu haqda “Bloomberg” agentliyi yazır.

İLLİK MAAŞIN 14,5 MİSLİ

İndi ortabab londonlu ev almaqdan ötrü illik maaşının 14,5 mislini xərcləməlidirr. Bu, indiyədək qeydə alınmış rekord göstərici sayılır. “Hometrack” araşdırma şirkətinin açıqladığı hesabata görə, Kembric, Oksford, Bornmut kurort şəhərində də evlərin qiymətinin qazanca nisbəti ikirəqəmlidir.

“Londonda evlərə əlçatımlılıq rekord səviyyədə düşüb, baxmayaraq ki, son bir ildə evlərin qiymət artımında azalma baş verib. Orta qazancla evlərin qiyməti arasındakı uçurum heç vaxt belə böyük olmayıb”, – “Hometrack”də tədqiqat direktoru Richard Donnell deyib.

Ancaq agentlik onu da qeyd edir ki, qiymətlərin son dövrlər düşməsinə baxmayaraq, 2012-ci ildən bəri Böyük Britaniya paytaxtında birinci əl evlərin ortalama qiyməti 66 faiz yüksəlib. Səbəb də təklifin yerli alıcıların və xarici investorların tələbini ödəməməsidir.

Qiymətlərin sürətlə artması paytaxtda gənc alıcıların sayını azaldıb. Ötən həftə maliyyə naziri Philip Hammond ilk dəfə, 300 min funt-sterlinqədək (400 min 290 dollar) qiyməti olan ev alanlar üçün dövlət vergisini də ləğv edib.

SON BİR İLDƏ 3 FAİZLİK ARTIM

Oktyabrda bitən ildə Londonda evlərin qiyməti ortalama 3 faiz artaraq 496 min funt-sterlinqədək bahalaşıb, bu, bir il öncəki 7,7 faizlik artımın yarısından da azdır. “Hometrack”ın hesabatında belə deyilir.

İngiltərənin şimalındakı Mançester və Birminqem şəhərlərində isə evlərin ən sürətli, 7 faizdən də artıq qiymət artımı qeydiyyata alınıb. “Hometrack” bildirib ki, gələn 2-3 il ərzində London bu sahədə regiondakı digər şəhərlərdən geri qalacaq, çünki qiymətlər alıcıların ödəməyə hazır olduqları məbləğə uyğunlaşacaq, qiymətin qazanca nisbətinin isə düşəcəyi gözlənir.

Ancaq Donnel nazir Hammond-un ötən həftə elan etdiyi vergi tədbirinin evlərə çatımlılığa çox təsir göstərəcəyinə inanmır, çünki ev almağa onsuz da böyük məbləğ lazımdır.

“İlk dəfə ev alanlar üçün əsas məsələ ipoteka əldə etməkdən ötrü tələb olunan gəlirdir”, – Donnel deyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun