İki futbolçu həbs edilib

İki futbolçu həbs edilib
30 Noyabr 2017
Mətni dəyiş

“Keşlə” futbol klubunun iki oyunçusu Mirhüseyn Seyidov və Nizami Hacıyevin həbs edildiyi bildirilir.

Futbolçular oyun satmaqda şübhəli bilinirlər.

Onların həbsi komandaya yeni təyin olunan baş məşqçi Ramiz Məmmədovun adıçəkilən futbolçuların klubdan uzaqlaşdırılmaları barədə açıqlamasından sonra baş verib.

Hadisələr Keşlənin Azərbaycan premyer liqası çərçivəsində 13-cü turda Bakının “Neftçi” klubuna 1:3 hesablı məğlubiyyətindən sonra cərəyan edib.

“Keşlə” klubunun prezidenti Zaur Axundov deyib ki, belə bir tədbir Azərbaycan Respublikası Cinayət Məcəlləsinə edilən dəyişikliklərə uyğun olaraq görülüb:

“Onların harada saxlanıldıqlarını bilmirik. Əlavə məlumat olan kimi mətbuata bildirəcəyik. Biz tərəfdən hüquq-mühafizə orqanlarına heç bir müraciət olunmayıb. Bu, sırf hüquq-mühafizə orqanlarının tədbiridir. Günahları sübuta yetirilsə, cəzalanacaqlar. Günahsız olsalar, futbolçu karyeralarını davam etdirəcəklər. Bu məsələ təsdiqini tapsa, Azərbaycan futbolu üçün böyük ləkə olacaq”.

Bununla belə, DİN futbolçuların saxlanıldığını təsdiq etməyib. “Yenicag.az” xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat katibi, polkovnik Ehsan Zahidov Seyidovla Hacıyevin polis tərəfindən saxlanılmadığını bildirib:

“Bizim araşdırmamıza görə, onların məhz polis tərəfindən saxlanıldığı təsdiqlənmir. Ola bilər ki, futbolçuları prokurorluq saxlayıb. Bəlkə də harasa gəzməyə gediblər. Klubu, məşqçiləri ilə əlaqə saxlamaq lazımdı. Bəlkə onlar nəsə bilirlər. Hər halda, məsələni araşdırırıq. Nəsə məlum olsa, ictimaiyyətə açıqlama verəcəyik”.

Keşlə klubunun oyunçularından şübhələndiyi oyunların cədvəli və həmin futbolçuların bu oyunlarda iştirak qrafiki isə aşağıdakı kimidir:

VIII tur

“İnter” – “Qarabağ” – 0:2 Mirhüseyn Seyidov – 90 dəqiqə Nizami Hacıyev – adı iştirak ərizəsində olmayıb

IX tur

“Səbail” – “İnter” – 1:0 Mirhüseyn Seyidov – 90 dəqiqə Nizami Hacıyev – adı iştirak ərizəsində olmayıb

X tur

“Keşlə” – “Kəpəz” – 0:2 Mirhüseyn Seyidov – 60 dəqiqə Nizami Hacıyev – 90 dəqiqə

XI tur

“Sumqayıt” – “Keşlə” – 3:1 Mirhüseyn Seyidov – 10 dəqiqə Nizami Hacıyev – 90 dəqiqə, 1 qol

XII tur “Keşlə” – “Zirə” – 0:1 Mirhüseyn Seyidov – 38 dəqiqə Nizami Hacıyev – 52 dəqiqə

XIII tur

“Neftçi” – “Keşlə” – 3:1 Mirhüseyn Seyidov – 90 dəqiqə Nizami Hacıyev – 58 dəqiqə

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev isə Neftçi-Keşlə oyununda şübhəli heç nə olmadığını və yoxlama aparılmayacağını deyib.

“AFFA və PFL bu oyunla bağlı heç bir araşdırma aparmayacaq. Çünki orda şübhəli bir məqama rast gəlməmişik”, - Ramin Musayev deyib. “Neftçi” klubu da adının qalmaqalda hallanması ilə bağlı bəyanat yayıb.

“Neftçi” bunu qərəzli xəbər kimi qiymətləndirərək, rəsmən bəyan edib ki, klubdaxili atmosferi pozmağa və “Neftçi”nin adının ləkələnməsinə yönələn bu xəbərləri qətiyyətlə pisləyir.

“Neftçi Azərbaycan futbolunda çirkin oyunlarla məşğul olan hər bir kəsin layiqli cəzasını almasının tərəfdarıdır və bu yöndə hüquq-mühafizə orqanlarının apardığı işləri dəstəkləyir. Biz “Neftçi”nin adını çirkin oyunlarda hallandıranlara qarşı ölkə qanunvericiliyinə uyğun hərəkət edəcəyik”.

Qalmaqalda adı hallanan Nizami Hacıyev mətbuata açıqlamalarında “Keşlə” klubunda yaranan problemlərdən yorulduğunu və komandanı dəyişmək istədiyini bildirmişdi. Daha sonra onun mövsümün sonuna qədər klubla olan müqaviləsinin qarşılıqlı razılıq əsasında dayandırılması və “Neftçi” ilə 2018-ci il yanvarından qüvvəyə minəcək müqavilə bağlaması xəbəri verildi. Digər futbolçu Mirhüseyn Seyidov isə 2009-cu ildən “Neftçi”nin əsas heyət oyunçusu olsa da, 2017-ci ildə komandadan uzaqlaşdırılıb.

“Keşlə” futbol klubu 2017-ci ilin oktyabrına qədər “İnter” adını daşıyıb.

“İnter” klubu öz növbəsində 1997-ci ildə yaradılan “Xəzər Universiteti” klubunun varisidir. Kluba 2004-cü ildən Azərbaycan Beynəlxalq Bankı sponsorluq etməyə başlayıb və adı dəyişdirilərək “İnter” adlanıb.

Klub 2007/2008 və 2009/2010 mövsümlərində Azərbaycan çempionu olub. “İnter” 2008/2009 mövsümündə çempionatın gümüş, 2012/2013 mövsümündə isə bürünc mükafatçısı olub. 2011-ci ildə “İnter” MDB kubokunun qalibi olub.

2015-ci ildə Beynəlxalq Bankın prezidenti Cahangir Hacıyevin həbsindən sonra klubda maliyyə problemləri yaşanıb. Bankın yeni rəhbərliyi klubdan imtina edib və nəticədə klub AFFA-nın nəzarətinə keçib.

Oktyabrın sonunda klubun baş məşqçisi Zaur Svanadze istefaya göndərilib və onun əvəzinə Ramiz Məmmədov təyin edilib. Yeni baş məşqçinin rəhbərliyi altında klub çempionatın üç oyununda ardıcıl məğlubiyyətə uğrayıb.

Hazırda 13 turdan sonra “Keşlə” 8 xal toplayaraq, 8 komandanın iştirak etdiyi Azərbaycan premyer liqasında 7-ci yerdə qərarlaşıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun