Hüquqşünasların məhkəməsi başlayır

Hüquqşünasların məhkəməsi başlayır
30 Noyabr 2017
Mətni dəyiş

Mitinq keçirə bilməyən hüquqşünaslar Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə veriblər

Hüquqşünaslar Bakı Şəhər İcra Hakimiyyətini (BŞİH) məhkəməyə verib. İddia ərizəsini hüquqşünaslar Samirə Ağayeva, Xalid Bağırov, Namizəd Səfərov imzalayıblar.

Bu barədə Meydan TV-yə hüquqşünaslar məlumat verib.

İddiaya səbəb BŞİH-in hüquqşünasların noyabrın 18-ə təyin etdikləri mitinqə icazə verməməsidir. Bundan sonra hüquqşünaslar 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət ediblər. İddiaya hakim Şərafət Məmmədova baxacaq. Məhkəmənin hazırlıq iclası dekabrın 1-nə təyin olunub.

Hüquqşünasların bir araya gələrək yaratdıqları Praktik Hüquqşünaslar Qrupu (PHQ) qanunvericiliyə edilən dəyişikliyə etiraz olaraq, mitinq keçirmək istəyirdi.

Parlament oktyabrın 31-də «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Qanuna, Mülki və İnzibati Prosessual məcəllələrə dəyişikliklər edib. Prezident də bunu təsdiqləyib. Bu dəyişikliklərdən sonra nümayəndəlik institutunun fəaliyyəti məhdudlaşdırılıb. Vəkillər Kollegiyasının üzvü olmayanlar məhkəmələrdə vətəndaşların hüquqlarını müdafiə edə bilməzlər.

Nümayəndəlik institutunun fəaliyyəti ilə bağlı dəyişiklik təşəbbüsü parlamentə Ali Məhkəmənin rəhbərliyindən gəlib. Məqsədlərinin isə vətəndaşlara göstərilən hüquqi xidmətin keyfiyyətini yaxşılaşdırmaq olduğunu deyirlər.

Arqument kimi, bir sıra hallarda hüquqşünas olmayan şəxslərin nümayəndə qismində iştirak edib, keyfiyyətli müdafiə həyata keçirə bilməməsi və vətəndaşların aldadılması hallarını göstərirlər. Bununla belə, yeni qanunda da istisna kimi istənilən peşə sahibinə yaxın qohumunun hüquqi nümayəndəsi olmaq səlahiyyəti verilib.

Parlament bir dəfə layihəni geri qaytarsa da, sonradan bəzi düzəlişlərlə qəbul edib.

Parlamentdə dəyişiklik layihəsinin qəbulundan öncə PHQ hökumətə bir sıra təkliflər təqdim etmişdi. Əsas təklif bu idi ki, mülki işlər və inzibati mübahisələr üzrə nümayəndəliyi həyata keçirmək səlahiyyəti ali təhsilli hüquqşünaslara aid olmalıdır. Vəkillər Kollegiyasının üzvü olmayan hüquqşünaslar bu səlahiyyəti ali təhsil diplomu və bunun əsasında alınan etibarnamə ilə icra etməlidir.

Azərbaycanda Vəkillər Kollegiyasının 936 üzvü var. Bəzi ekspertlərin fikrincə, bu dəyişikliklər ölkədə vəkil qıtlığı yarada bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun