Həbsdən qaçan məhbusların aqibəti: biri saxlanılıb, digəri öldürülüb

Həbsdən qaçan məhbusların aqibəti: biri saxlanılıb, digəri öldürülüb
2 Noyabr 2017
Mətni dəyiş

Noyabrın 2-də Qaradağ rayonunda silahlı insident olub.

Abzas.net xəbər verir ki, Qaradağ rayonunda baş verən silahlı insidentdə hüquq-mühafizə orqanlarının əməkdaşları ilə bir qrup silahlı şəxs arasında atışma olub.

Hadisə zamanı 2 nəfər ölüb, 2 nəfər yaralanıb. Ölənlərdən biri “Qoca” ləqəbli Etibar Məmmədovdur. Digər ölən isə "Qoca"ya kömək edən İlqar Əlihümbət oğlu Əzimov.

Etibar Məmmədov bir neçə gün öncə Bakı-Astara-Bakı qatarından qaçan məhbuslardan biridir.

Hadisə nəticəsində yaralanan Anar Əsgərovun vəziyyətinin yaxşı olduğu bildirilir:

"Yaralanan 2 nəfər 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onlardan biri 1988-ci il təvəllüdlü Anar Azər oğlu Əsgərovdur. O, Etibar Məmmədovu yük avtomobili ilə qaçırırmış. Digər yaralı isə 1993-cü il təvəllüdlü Şahmar Şamil oğlu Bəyəlizadədir. O, üz nahiyəsindən xəsarət alıb. Etibar Məmmədova kömək edən yük avtomobili sürücüsünün köməkçisi olduğu bildirilir."

Oktyabrın 23-də Bakı-Astara-Bakı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum olunmamış, hazırda külli miqdarda narkotik maddələrin dövriyyəsində ittiham olunan Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmuş, bilərəkdən adam öldürməkdə ittiham edilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub.

Oktyabrın 25-də Ədliyyə Nazirliyi və Baş Prokurorluğun yaydığı birgə məlumatda bildirilir ki, xidməti yoxlamanın ilkin nəticələrinə əsasən vəzifə borclarını lazımınca yerinə yetirmədiklərinə görə ədliyyə nazirinin əmri ilə Penitensiar Xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev və taborun Qərargah rəisi vəzifəsini icra edən, ədliyyə mayoru Hikmət Sadıqov ədliyyə orqanlarından xaric edilib. Taborun 2-ci konvoy bölüyünün komandiri, ədliyyə kapitanı Ruslan Zeynalov, 3-cü bölüyün komandiri, ədliyyə kapitanı Rza Xankişiyev və Qərargah rəisinin konvoy xidməti üzrə baş köməkçisi, ədliyyə kapitanı Rakif Məmmədov tutduqları vəzifədən azad olunublar.

Bundan əlavə, həbs edilmiş şəxslərin vaqonda müşayiətini bilavasitə təmin edən qarovul rəisi Ceyhun Səmədov və digər 7 əməkdaş ədliyyə orqanlarından xaric edilib, Penitensiar xidmətin bir çox digər aidiyyəti məsul işçiləri ciddi intizam məsuliyyətinə cəlb olunublar.

Qaravul rəisi Ceyhun Səmədov, onun köməkçiləri Fuad Hacıyev və Tural Polatxanov həbs ediliblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun