Apellyasiya Məhkəməsi Mehman Hüseynovun vəsatətlərini təmin etməyib

Apellyasiya Məhkəməsi Mehman Hüseynovun vəsatətlərini təmin etməyib
17 Noyabr 2017
Mətni dəyiş

Noyabrın 17-si bloqqer Mehman Hüseynovun apellyasiya məhkəməsi olub.

Məhkəmə bloqqer Mehman Hüseynovu həbs elətdirən Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevi çağırıb dindirməkdən imtina etdi. Bloqqerin vəkillərinin Musayevin məhkəməyə çağrılması haqda vəsatəti təmin olunmadı.

Bloqqerin vəkilləri məhkəmədə vəsatətlər qaldırıblar. Vəsatətlərdən biri videogörüntülərin alınıb, məhkəmədə araşdırılması, digəri isə xüsusi ittiham qaydasında iddia ərizəsi verib, Mehmanı həbs elətdirən polis rəisinin məhkəmədə dindirilməsi haqda olub.

“Görüntüləri ortaya qoysunlar”

"Bu işə ötən dəfə Bakı Apellyasiya Məhkəməsində Vaqif Mursaqulovun sədrlik etdiyi hakimlər kollegiyası baxanda da biz bu vəsatətləri qaldırmışdıq. Çünki işin obyektiv araşdırılması, ədalətli qərar çıxarılması üçün vacibdir. Amma təəssüf ki, o zaman heç bir vəsatətimiz təmin olunmadı, bircə sübut araşdırılmadı. Heç bir araşdırma aparmadan da Mehman Hüseynovun iki il azadlıqdan məhrum edilməsi haqda hökmü qüvvədə saxladı. Ali Məhkəmənin sonradan Bakı Apellyasiya Məhkəməsinin qərarını ləğv etməsinin səbəblərindən biri də məhz bu idi. Mehman Hüseynovun Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən işgəncəyə məruz qalması, şəhərin mərkəzində onun başına torba keçirilməsi, elektroşok verilməsi və s. haqda söylədiklərinin doğru olub-olmadığını müəyyənləşdirmək üçün mütləq həmin görüntülərə baxış keçirilməlidir. Polis rəisinin iddia etdiyi kimi, Mehman onlara böhtan atırsa, buyursunlar, o görüntüləri ortaya qoysunlar. Göstərsinlər ki, Mehman idarəyə gətiriləndə başında torba olmayıb. Nəsimi Rayon Polis İdarəsinin giriş-çıxışında, dəhlizlərində kameralar var, onları yaraşıq, ya da kimisə qorxutmaq üçün qoymayıblar ki... Şəhərdə Mehmanın Əkrəm Təhməzovla dalaşdığı iddia olunan ərazidəki kameralara baxaq, görək ki, həqiqətən belə bir dava olub, yoxsa yox", –vəkil Fuad Ağayev vəsatəti belə əsaslandırıb.

Müdafiəçi həmçinin Musa Musayevin məhkəmədə dindirilməsində israrlı olduqlarını bildirib. Deyib ki, Mehmanın onun əleyhinə ifadə verən, onu ittiham edən şəxsi dindirmək hüququ var. Amma Musayevi məhkəməyə çağırmamaqla onun bu hüququ pozulur.

Digər vəkil Fəxrəddin Mehdiyev də söyləyib ki, tərəflərdən hansının haqlı olduğunu müəyyənləşdirmək üçün video-görüntülər həlledici sübutdur: "Polis rəisi Mehmanın böhtan atdığını iddia edirsə, deməli, onun yalan danışdığını, özünün haqlı olduğunu təsdiqləyən sübutlar ortaya qoymalıdır".

"İşin Avropa Məhkəməsinə Avropa Məhkəməsinə getməsinin qarşısını almaq üçün..."

Polis rəisinin nümayəndəsi Əlirza Həbilov vəsatətlərin əsassız olduğunu bildirib və məhkəmədən də onların təmin olunmamasını xahiş edib. Deyib ki, xüsusi ittihamçının özünün iştirakı vacib deyil, nümayəndəsi iştirak edirsə, kifayətdir.

Bloqqerin vəkili Fuad Ağayev isə söyləyib ki, qanun təqsirləndirilən şəxsə xüsusi ittihamçının nümayəndəsinə sual vermək hüququ tanımır. Ona görə də Mehman onu ittiham edən tərəfi dindirmək hüququndan məhrum olub.

Əflatun Qasımovun sədrlik etdiyi hakimlər kollegiyası qısa müşavirədən sonra vəsatətlərin təmin olunmadığını elan edib.

Bloqqerin məhkəməsi dekabrın 1-nə qalıb.

Fuad Ağayev bildirib ki, bu proses Bakı Apellyasiya Məhkəməsində keçirilən əvvəlki məhkəmədən fərqlənmir - yenə də müdafiə tərəfinin vəsatətləri təmin olunmur, sübutlar araşdırılmır. Ona görə də müdafiəçi istisna etmir ki, Ali Məhkəmə bu işin Avropa Məhkəməsinə getməsinin qarşısını almaq üçün qərarı ləğv edib, işi yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarıb: "Əgər belədirsə, biz yenə də hansı addımlar atacağımızı bilirik".

Xatırlatma

M.Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il azadlıqdan məhrum edilib. Bundan əvvəl, yanvarın 9-da isə onun oğurlandığı güman edilirdi. Yalnız yanvarın 10-da məhkəmə önünə çıxarkən, onun Nəsimi Rayon Polis İdarəsinin 22 saylı Polis Bölməsində saxlandığı məlum olmuşdu. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə M.Hüseynov polisə tabe olmamaqda təqsirli bilinərək, 200 manat cərimə edilmişdi.

Jurnalistlər önünə çıxan bloqqer polisdə saxlandığı müddətdə işgəncələrə məruz qaldığını söyləyib. Vəkili isə işgəncə şikayətinin araşdırılmasından ötrü Bakı Şəhər Prokurorluğuna müraciət etmişdi. Nəsimi Rayon Polis İdarəsinin rəisi M.Musayev də M.Hüseynovun işgəncə ilə bağlı dediklərini polisə böhtan sayaraq, xüsusi ittiham qaydasında iddia qaldırıb. Həmin iddia əsasında M.Hüseynov 2 il azadlıqdan məhrum edilib.

Apellyasiya Məhkəməsi həmin hökmü qüvvədə saxlayıb. Ancaq Ali Məhkəmə bloqqerin kassasiya şikayətini qismən təmin edib, işi yenidən Apellyasiya Məhkəməsinə qaytarıb.

Qanun layihəsi həmçinin nəzərdə tutur ki, tikintisi başa çatmayan binadan mənzil alan alıcının üzərinə alış qiymətini tikinti başa çatmazdan əvvəl tam şəkildə ödəmək öhdəliyi qoyula bilməz. Bu zaman ödəmələr tikintinin mərhələləri üzrə hissələrlə həyata keçirilməlidir.

Parlament komitəsi prezidentin təkliflərini bəyənib, Milli Məclisin plenar iclasına tövsiyə edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun