Əfqan Muxtarlı və Gözəl Bayramlının işinin ibtidai istintaqı bitib

Əfqan Muxtarlı və Gözəl Bayramlının işinin ibtidai istintaqı bitib
2 Noyabr 2017
Mətni dəyiş

Həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlı və NİDA Vətəndaş Hərəkatının üzvü, jurnalist Əfqan Muxtarlı barəsində açılmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Abzas.net xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov məlumat verib.

İbtidai istintaqının bitdiyini bildirən vəkil, Gözəl Bayramlının səhhətindəki problemlərə toxunub:

"Mədəsində ciddi ağrılar var. Bildirdi ki, onu yalnız USM-dən keçiriblər. Əlavə hər hansı bir dərman verilməyib, müalicə edilməyib."

Həmçinin, Elçin Sadıqov Əfqan Muxtarlının işinin "Meydan" TV-nin işindən ayrıldığını bildirib:

"Əfqan Muxtarlı barəsində açıqlan cinayət işi "Meydan" TV-nin vəzifəli şəxsləri barəsində açılan cinayət işindən ayrıldı. İbtidai istintaq bitdi. Cinayət işinin materialları ilə tanış olma mərhələsi başlayır. Əfqan Muxtarlı barəsində Cinayət Məcəlləsinin 206.1, 315.2 və 318-ci maddələrlə irəli sürülmüş ittihamlar saxlanıb. İş baxılması üçün Balakən rayon Məhkəməsinə göndəriləcək."

Xatırlatma

Gözəl Bayramlı mayın 25-i Gürcüstandan Azərbaycana keçərkən sərhəd keçid məntəqəsində saxlanılıb. Daha sonra, Dövlət Sərhəd Xidməti məlumat yayıb ki, onun sumkasına baxış keçirilərkən bəyan edilməmiş 12 min ABŞ dolları aşkar edilərək götürülüb.

Mayın 26-sı Səbail rayon məhkəməsinin qərarı ilə, onun haqqında 3 ay həbs qətimkan tədbiri seçilib.

Mayın 29-u jurnalist Əfqan Muxtarlının Gürcüstanda itkin düşdüyü xəbəri çıxıb. Bir gün sonra jurnalistin Dövlət Sərhəd Xidmətində saxlanıldığı məlumatı yayılıb.

Dövlət Sərhəd Xidməti onun Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçən zaman saxlanıldığını bildirir.

Əfqan Muxtarlı və yaxınları, o cümlədən, yerli və beynəlxalq ictimayyət jurnalistin Gürcüstandan oğrulanaraq Bakıya gətrildiyini bildirir.

Mayın 31-i Səbail rayon məhkəməsi Əfqan Muxtarlı haqqında 3 ay həbs qətimkan tədbiri seçib.

Avgust ayında Əfqan Muxtarlı və Gözəl Bayramlı barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 2 dəfə uzadılıb.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun